44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi dərs oldu. Bu tarixi dərs "Dəmir Yumruq"un sarsıdıcı zərbəsi sayəsində həyata keçdi.
Ordumuzun, əsgərlərimizin canı, qanı ilə geri qaytarılan torpaqlarımız yenidən dirçəlmə dönəminə qədəm qoydu. Artıq qarşıda duran ən önəmli vəzifələr Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” prosesinin həyata keçirilməsidir.
Hamıya məlumdur ki, "Böyük Qayıdış”ın başlanğıcı Cocuq Mərcanlı kəndinin bərpası ilə qoyulub. Qələbənin təməlinin qoyulduğu Aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad olundu.
Bununla da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. 24 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və digər müvafiq infrastrukturun tikintisinə başlanılmışdır.
Tikinti işləri qısa zaman ərzində başa çatdırılmış, 14 iyun 2017-ci il tarixində Cənab Prezident Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.
"Böyük Qayıdış” prosesi bizə Cocuq Mərcanlıdan tanışdır. Hazırda isə Qarabağa qayıdış zamanı yetişib.
Qarabağa "Böyük Qayıdış” Prezidentin rəhbərliyi altında sürətlə davam edir. Bu qayıdışın yolu "Zəfər Yolu”ndan keçir. Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan "Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşası davam etdirilir. "Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Yolun uzunluğu 101 kilometrdir. "Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.
Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: "Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır.
Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir".
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin bərpası Prezidentin xüsusi diqqətindədir. Çünki Şuşa şəhəri Qarabağın incəsənət, mədəniyyət beşiyi sayılır. Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, Şuşanın bərpası zamanı şəhərin tarixi siması saxlanılmalıdır: "Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”.
Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində Füzulidə hava limanının tikintisi də sürətlə davam etdirilir. Füzuli hava limanının tikintisi bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edildiyinin göstəricisidir. Bundan başqa hava limanının istifadəyə verilməsi bölgənin inkişafına böyük kömək olacaq. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Laçın və Kəlbəcər rayonlarının ərazisində də hava limanının tikintisi üçün yerin seçilməsi və bu istiqamətdə işlərin aparılması davam etdirilir.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda ilk dəfə "Ağıll kənd" layihəsi də tətbiq edilir.
Bu layihə Zəngilanın Ağalı kəndini əhatə edəcək. Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı bu layihənin təməlini qoyub. Bununla da azad edilmiş ərazilərdə beynəlxalq standartlara cavab verən yeni inkişaf modelinin icrasına başlanılıb. Layihədə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Bütün bunlar Qarabağın bərpası və yenidənqurmasının bir hissəsidir. Təbii ki, ermənilərin 30 ildir ki, talan edib viran qoyduğu yerləri qısa müddətdə bərpa etmək çətindir. Amma hazırda bu istiqamətdə görülən işlər ölkə başçısının diqqət mərkəzindədir. 30 ildir ki, torpaq həsrəti ilə yaşayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında yaxın zamanda Qarabağa qayıdacaq. Elə Cənab Prezidentin də hazırki hədəfi budur. Bu hədəfə çatmaq Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycanın yenilməz ordusu və xalqın birliyi ilə baş tutur.
Qarabağımız, rahat nəfəs al, "Böyük Qayıdış" başlayıb!
Aydın Nuri,
AZXEBER.COM Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
