Dünyanın əksər ölkələrində illik ödənişli məzuniyyət işçilərin əsas əmək hüquqlarından biri hesab olunur. Lakin bu hüququn müddəti ölkədən ölkəyə ciddi şəkildə dəyişir.
Azərbaycanda işçilərin məzuniyyət hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, işçilərə hər iş ili üçün minimum 21 təqvim günü ödənişli əsas əmək məzuniyyəti verilir. Müəllimlər, dövlət qulluqçuları və bəzi digər peşə sahibləri üçün bu müddət daha uzun ola bilər. Məzuniyyət dövründə işçinin orta əməkhaqqı saxlanılır və məzuniyyət haqqı əvvəlcədən ödənilir.
Avropanın bir çox ölkəsində isə iş-həyat balansını qorumaq məqsədilə işçilərə daha uzun məzuniyyət hüququ tanınır.
Fransa
Fransa işçilərə ən geniş məzuniyyət imkanları yaradan ölkələrdən biri hesab olunur. Burada tam ştat çalışan hər bir işçi ildə minimum 25 iş günü ödənişli məzuniyyət hüququ əldə edir. Bununla yanaşı, kollektiv müqavilələr əsasında bir çox şirkətlərdə əlavə istirahət günləri də tətbiq olunur. Həftədə 35 saatdan artıq işləyən əməkdaşlar üçün isə əlavə istirahət günləri nəzərdə tutula bilər. Nəticədə bəzi işçilər il ərzində 30 gündən çox ödənişli məzuniyyətdən istifadə edə bilirlər.
Almaniya
Almaniyada qanunla həftədə 5 günlük iş rejimi üçün minimum 20 iş günü ödənişli məzuniyyət nəzərdə tutulur. Lakin kollektiv müqavilələrin geniş yayılması səbəbindən işçilərin böyük hissəsi faktiki olaraq 28-30 iş günü məzuniyyət əldə edir. Ağır və təhlükəli sahələrdə çalışanlar üçün əlavə istirahət imkanları mövcud ola bilər.
İsveç
İsveçdə qanun hər işçiyə ildə 25 iş günü ödənişli məzuniyyət hüququ verir. İşçilər yay aylarında ardıcıl ən azı dörd həftə məzuniyyət götürmək hüququna malikdirlər. İşəgötürən bu hüququ yalnız əsaslandırılmış hallarda məhdudlaşdıra bilər.
Finlandiya
Finlandiyada məzuniyyət müddəti əsasən işçinin iş stajından asılıdır. Bir ildən az işləyənlər hər ay üçün təxminən 2 gün, daha uzun müddət çalışanlar isə ayda 2,5 gün məzuniyyət qazanırlar. Bu sistem nəticəsində işçilər ildə təxminən 24-30 iş günü ödənişli məzuniyyətdən istifadə edə bilirlər.
İspaniya
İspaniyada işçilərə ildə 30 təqvim günü ödənişli məzuniyyət verilir. Bu, təxminən 22 iş gününə bərabərdir. Qanunvericiliyə əsasən, məzuniyyət günləri pul kompensasiyası ilə əvəz edilə bilməz, işçi həmin istirahət hüququndan istifadə etməlidir.
Norveç
Norveçdə qanunla minimum 25 iş günü ödənişli məzuniyyət nəzərdə tutulur. 60 yaşdan yuxarı işçilər isə əlavə olaraq bir həftə məzuniyyət hüququ əldə edirlər.
Yaponiya
Yaponiyada illik məzuniyyət müddəti işçinin stajına uyğun olaraq artır. Yeni işə başlayan əməkdaş adətən 10 gün ödənişli məzuniyyət hüququ qazanır. İş stajı artdıqca bu müddət 20 günə qədər yüksələ bilər. İşçilərin uzun illər məzuniyyətdən tam istifadə etməməsi səbəbindən hökumət işəgötürənlər üçün minimum istifadə tələbi tətbiq edib.
ABŞ
ABŞ inkişaf etmiş ölkələr arasında ödənişli illik məzuniyyət hüququnun ən az təmin edildiyi ölkələrdən biridir. Federal qanun özəl sektor işəgötürənlərini işçilərə ödənişli illik məzuniyyət verməyə məcbur etmir. Buna görə də məzuniyyət günlərinin sayı əsasən şirkətin siyasətindən və işçinin əmək stajından asılıdır. Bir çox şirkət 10-15 gün ödənişli məzuniyyət təqdim etsə də, bəzi işçilərin ümumiyyətlə belə hüququ olmur.
Fəridə Əsədzadə











































