‘İslahatçı Gənclər’ Cəlilabad və Masallıda gənclərlə görüşdü- FOTOLAR

SİYASƏT
11:10 19.09.2013
1836
Fəal gənclər seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
“İslahatçı Gənclər” İctimai Birliyi Cəlilabad və Masallı rayonlarında “Gənclərin seçkilərdə rolu və seçimi” mövzusunda gənclərlə görüşlər keçirib.
Keçirilən görüşlərdə giriş nitqi ilə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirdi. O qeyd etdi ki, ilk dəfə olaraq bu il altı yüz mindən artıq gənc seçkilərdə iştirak edəcək. Birlik sədri Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda gənclərə yaradılan şəraitdən danışdı. Rəhbərlik etdiyi birliyin 9 oktyabr seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı qərar verdiyini xatırladan İB sədri Masallı və Cəlilabaddan olan gəncləri seçki prosesində aktiv iştirak etməyə səslədi. O bildirdi ki, 9 oktyabr seçkiləri Prezident İlham Əliyevin timsalında həm də ölkə gənclərinin qələbəsi olacaq.
Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin Baş katibi Hacıbəy Heydərli seçkilər öncəsi siyasi mübarizənin əsas platformalarından sayılan sosial şəbəkələrdəki mənzərəylə bağlı təqdimat keçirib. H.Heydərli birliyin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində yaradılan “Gənclərin Lideri – İlham Əliyev” səhifəsindən danışaraq, gənclərin səhifəyə olan böyük marağından söz açıb. Baş katib ümumiyyətlə sosial şəbəkələrdə Prezident İlham Əliyevin bütün meyarlar üzrə rəqiblərini böyük fərqlə üstələdiyini və vətəndaşların virtual dünyada da ölkə başçısını aktiv şəkildə dəstəklədiyini qeyd edib.
Birliyin idarə heyətinin üzvü Cavid Süleymanlı Azərbaycanda gəncliyin inkişafı və özünü realizə edə bilməsi üçün yaradılan imkanlardan söz açaraq “Ölkə gəncliyinin seçkilərdə birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini diqqətə çatdırıb.
Cəlilabad və Masallıdakı görüşlərdə çıxış edən bütün gənclər seçkilərdə aktiv iştirak edəcəklərini, ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanların yaradıldığını və gənclərin böyük dostu olan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR