16 sentyabr 2026-cı il tarixində İsmayıllı rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq rayon ərazisində fəaliyyət göstərən bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov və aidiyyəti dövlət qurumlarının nümayəndələri təsərrüfatlarda aparılan işlərlə yerində tanış olublar.
Səfər çərçivəsində "AZCHİCKEN PRODUCTİON” MMC, "AAFT” MMC, fiziki şəxs Məmmədov Səlahəddin Saməddin oğlunun təsərrüfatı və "İvanovka təbii qida məhsulları” MMC-yə baş çəkilib. Burada istehsal fəaliyyəti, mövcud imkanlar, təsərrüfatların inkişaf istiqamətləri və istehsal gücünün artırılması ilə bağlı görülən işlər barədə məlumat verilib.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan fermer və sahibkarların, həmçinin Qərargah üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov çıxış edərək ölkədə aqrar sektorun inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və fermerlərin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərdən bəhs ediblər. Qeyd edilib ki, müəyyənləşdirilmiş hədəflərin yerlərdə reallaşdırılması dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermer və sahibkarlar arasında əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Sonda fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Səsləndirilən problemlərin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.

























































