Ötən gün günorta saatlarında Hizbullah təşkilatının üzvləri İsrail ordusunun Cəl Əl-Aləm, Əl-Bahri və Zerit mövqelərinə, Şumira kazarmasına və bir gözətçi qülləsinə müvafiq silahlarla birbaşa hücum həyata keçirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Hizbullah təşkilatı tərəfindən verilən yazılı açıqlamada qeyd olunub.
Açıqlamada mövqelərin dəqiq vurulduğu və bəzi texniki vasitələrin sıradan çıxarıldığı bildirilib.
Hizbullaha yaxınlığı ilə tanınan "Al Mayadeen TV"nin internet saytında paylaşılan açıqlamada İsrail sərhədində yerləşən Əl-Malikiyye hərbi məntəqəsinə raket və yüngül silahlarla hücum edildiyi deyilir.
Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə isə İsrailin Manara qəsəbəsinə raket hücumu təşkil edildiyi yazılıb.
İsrail də cavab olaraq Livanın Meys əl-Cəbel şəhəri ətrafındakı əraziləri artilleriya atəşinə tutub.
İsrail ordusunun açıqlamasına görə, Manara qəsəbəsi və sərhəddəki təhlükəsizlik çəpərlərinə Livandan 2 tank əleyhinə raketlə hücum edilib.
Hücuma artilleriya atəşi ilə cavab verilərkən, ölən və yaralanan olmadığı açıqlanıb.
Digər tərəfdən, Livandakı Qəssam Briqadaları, verdiyi açıqlamada, İsrail tərəfinə edilən raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Açıqlamaya əsasən, Livanın cənubundan Qərbi Qalileyaya, xüsusilə İsrailin şimalındakı Nehariya və Şelumiyə 30 raket atıldığı bildirilib.
Qeyd edək ki, İsrail ordusu bundan əvvəl Livanın sərhəd bölgəsindən açılan raket və atəşə cavab olaraq bəzi nöqtələrin hədəf alındığını demişdi.
Mikayıl