‘İsrailin Türkiyədən üzr istəməsi Obamanın uğurudur’

MAQAZİN
11:20 25.03.2013
1753

Vəfa Quluzadə: “Bundan ABŞ da, İsrail də, Türkiyə də qazanacaq, yalnız İran itirəcək”

İsrail Türkiyədən nəhayət ki, üzr istədi. Martın 22-də bu ölkənin baş naziri Benyamin Netanyahu türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq 3 il əvvəl “Mavi Mərmərə” gəmisində baş vermiş insident zamanı 9 nəfərin ölümünə görə üzr istəyib.

İsrail mənbələri bildirir ki, Netanyahunun ofisindən Ərdoğana telefon zəngi olub. Telefon danışığı zamanı Netanyahu Ərdoğandan 2010-cu il, mayın 31-də baş verən “Mavi Mərmərə” insidentinə görə üzr istəyib və iki ölkənin əlaqələrinin pisləşməsindən peşman olduğunu bildirib. Türkiyə rəhbərliyi üzrü qəbul edib və münasibətlərin normallaşacağı ilə bağlı razılaşma əldə olunub (“Amerikanın səsi”).

Bu hadisə ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqə 3 günlük səfərinin sonuncu günü baş verib. Obama Yaxın Şərq turnesi çərçivəsində öncə İsrailə gedib. Sonra Fələstin və İordaniyaya səfər edən Obama liderlərə bəzi mövzuları müzakirə edib.

Xatırladaq ki, 2010-cu ilin mayında Türkiyədən və bəzi Avropa ölkələrindən “Azadlıq donanması” adlı gəmi karvanı İsrailin blokadada saxladığı Qəzzaya humanitar yardım aparmaq üçün yola çıxıb. Mayın 31-də Aralıq dənizinin beynəlxalq ərazi sularında İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalıb. Karvanın əsas gəmisi olan “Mavi Mərmərə”yə desant çıxarılıb. Onda gəmidəki 600-dən artıq işçi heyət və könüllülərlə İsrail əsgərləri arasında toqquşma olub. İsrail əsgərləri 8 Türkiyə və bir türk əsilli ABŞ vətəndaşını qətlə yetirib. Bu hadisə bütün dünyada, xüsusilə Türkiyədə qəzəblə qarşılanıb. Türkiyə hökuməti İsrailə diplomatik əlaqələri kəsib, səfiri geri çağırıb. BMT komissiyasının hazırladığı hesabat BMT-nin İnsan Hüquqları Şurasında təsdiqlənib. Türkiyə isə İsrailin rəsmən üzr istəməsini, kompensasiya ödənilməsini və Qəzzaya blokadanın götürülməsini tələb edirdi. Ancaq İsrail bu tələbləri rədd edirdi.

Ancaq İsrailin qəflətən geri addım atıb üzr istəməsi birmənalı qarşılanmayıb. Bəzi müşahidəçilər deyir ki, ABŞ-ın vasitəçiliyi ilə baş tutan tələsik üzr hadisəsinin arxasında başqa amillər var. Öncə İran amili qeyd olunur. Ekspertlərə görə, ABŞ İrana təzyiqləri artırmaq üçün bölgədə iki əsas müttəfiqi olan Türkiyə və İsraili barışdırmağa çalışıb. Türkiyə mətbuatı yazır ki, Obama-Netanyahu görüşü yarım saat çəkib və hərbi bunkerdə keçirilib. Görüşdə Obama Ərdoğana zəng edib. Sonra ABŞ prezidenti telefonu Netanyahuya verib və sonuncu Ərdoğanla danışaraq ölkəsi adından üzr istəyib.

Ötən günsə Netanyahunun üzr istəməsi ilə bağlı izahatı yayılıb. Netanyahu rəsmi facebook səhifəsində yaydığı mesajda üzrün Suriya böhranının dərinləşməsi ilə bağlı olduğunu deyib. Baş nazir bildirib ki, Türkiyə ilə İsrail əməkdaşlıq şəraitində bölgədəki problemləri birgə həll edə bilər: “Bizim üçün ən böyük təhlükə Suriyada kimyəvi silahların terrorçu qrupların əlinə keçməsidir”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə üzrlə bağlı əsas rolu Obamanın oynadığını deyir və bunu ABŞ prezidentinin uğuru adlandırır: “Obama özünü çox güclü siyasətçi kimi göstərdi. O, yəhudi lobbisinin və İsrailin təzyiqinə boyun əymədi, İsraili yerində oturtdu. İsrailə başa saldı ki, ABŞ onun haqqında düşünür və özünü realist aparmaq ona xeyirdir. Yalnız bundan sonra Obama İsrailə getdi və orda Netanyahunu məcbur etdi ki, hava limanından Ərdoğana zəng edib üzr istəsin. Netanyahu da bunu etdi. Obama İsrailə açıq-aydın anlatdı ki, Fələstin problemi dünyada ABŞ və İsrail əleyhinə bütün radikal qüvvələri birləşdirən səbəbdir. Əgər Fələstin problemi həll olunsa, İsraillə sülh şəraitində yaşayan Fələstin dövləti yaradılsa, onda bu qüvvələrin birləşməyə səbəbi olmayacaq. İran özünü Fələstin probleminin ən böyük dəstəkçisi kimi təqdim edir. İranın əlindən bu ideoloji silah da alınacaq. Ona görə də bu səfəri Obamanın böyük uğurlarından biri sayıram”.

V.Quluzadə deyir ki, İsraillə Türkiyənin barışması ABŞ-la yanaşı bu iki ölkənin də mənafeyinə uyğun idi: “Burda ABŞ-ın, eləcə də İsrailin böyük marağı var. İsrail böyük qaz yataqları kəşf edib, Türkiyəyə böyük miqdarda qaz sata bilər. Bununla da İsraillə Azərbaycan Türkiyəni Rusiyanın qaz asılılığından çıxarar. Bununla da Türkiyə NATO-nun və Qərbin maraqlarını həyata keçirməyə daha da qadir olacaq. Ona görə də İsrail-Türkiyə əlaqələrinin bərpasını çox yüksək qiymətləndirirəm”.

Münasibətlərin düzəlməsinin Türkiyəyə də təsirinin olacağını deyən politoloq düşünür ki, əsas qazanan tərəf İsraildir: “Türkiyə ilə əlaqələrin bərpası İsraili gücləndirir. İsrailə qarşı regionda özünü rəqib kimi aparan ölkə İrandır. Türkiyə-İsrail əlaqələrinin güclənməsi İranı zəiflədir. Gələcəkdə İranla qarşıdurma olsa, o, daha da zəifləyəcək. İran maraqlı idi ki, Türkiyə-İsrail münasibətləri pis olsun. Amma istəyi alınmadı”.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR