İsti havalarda iş saatları qısaldıla bilər - Açıqlama

İsti havalarda iş saatları qısaldıla bilər - Açıqlama
SOSİAL
23:40 24.07.2026
206
Yay mövsümündə havaların kəskin istiləşməsi açıq havada və yüksək temperatur şəraitində çalışan şəxslərin sağlamlığı üçün ciddi risklər yaradır. Bu səbəbdən qanunvericilik işəgötürənlərə işçilərin təhlükəsiz əmək şəraitini təmin etməklə bağlı bir sıra öhdəliklər qoyur. 

İsti hava şəraitində işçilərin hüquqları necə qorunur? İşəgötürən bu tələblərə əməl etmədikdə onu hansı hüquqi məsuliyyət gözləyir?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Ceyhun İsmayılov bildirib ki,  işçilərin isti hava şəraitində təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması qanunvericiliyə əsasən işəgötürənin öhdəliyidir:

"Bu şərait isə hər müəssisənin fəaliyyət xüsusiyyətindən asılı olaraq müxtəlif üsullarla təmin oluna bilər. Məsələn, bəzi işəgötürənlər isti havalarda iş saatlarını qısaldır, müəyyən vaxtlardan bir əlavə fasilələr tətbiq edir və ya işçilərin sağlamlığının qorunmasına xidmət edən digər tədbirlər görürlər. Əgər işəgötürən bu öhdəliyi yerinə yetirməzsə və nəticədə işçinin sağlamlığına zərər dəyərsə, dəymiş ziyanın ağırlıq dərəcəsindən asılı olaraq hüquqi məsuliyyət yaranır”.

Hüquqşünas əlavə edib ki, bu məsuliyyət inzibati, maddi və hətta cinayət məsuliyyəti formasında ola bilər:

"Məsələn, təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində işçi həyatını itirərsə və ya sağlamlığına ağır zərər dəyərsə, işəgötürən cinayət məsuliyyətinə cəlb oluna bilər. Qanun bu tələbləri işəgötürənin üzərinə öhdəlik kimi qoyduğu üçün, həmin öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməlidir. Əks halda, işəgötürən qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyır”.
OXŞAR XƏBƏRLƏR