Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Rasim Balayev "İstiqlal” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Rasim Balayevin bu gün 75 yaşı tamam olur.
Bəs ömrünü Azərbaycan kinosuna həsr edən Rasim Balayev kimdir?
AZXEBER.COM Xalq artistinin dosyesini təqdim edir:
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol alıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
Aktyor 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Rasim Balayevə 1976-cı ildə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı, 1982-ci ildə "Azərbaycan SSRİ Xalq artisti" fəxri adı verilib. Həmçinin 1986-cı ildə aktyora "Atları yəhərləyin" bədii filmində Səlim bəy roluna görə Azərbaycan SSR Dövlət mükafatı verilib. 1998-ci ildə "Şöhrət" ordeni laureatı, 2018-ci ildə "Şərəf" ordeni laureatı olub. Sonuncu dəfə 2019-cu ildə "Cəfər Cabbarlı mükafatı" ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Bundan əlavə, Xalq artisti dublyaj aktyoru kimi də fəaliyyət göstərib.
Mikayıl Mirzəzadə