İsveç Kraliçası Əlahəzrət Silviya Küveytə rəsmi səfəri zamanı bu ölkədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Farida Allagahi Əlahəzrət Kraliça Silviyaya qurumun fəaliyyəti və mayın 6-8-də Azərbaycanda təşkil olunacaq Cənubi Qafqaz Forumu haqqında geniş məlumat verib.Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əlahəzrət Kraliça Nizami Gəncəvi haqqında məlumatlarda maraqlı olduğunu vurğulayaraq, dahi şairin adını daşıyan mərkəzin Cənubi Qafqaz Forumunun təşkilindəki uğurlarına görə xüsusi təbriklərini çatdırıb və bu sayda önəmli insanın bir araya gəlməsini böyük nailiyyət kimi qiymətləndirib. Kraliça Silviya xüsusi olaraq Qlobal Liderlər Alyansının yaradılması təşəbbüslərini alqışlayıb və belə bir vacib qurumla gələcək əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.