14:40 çərşənbə Axşamı, 16 Oktyabr 2018
SİYASƏT

“Necə desinlər ki, Azərbaycan inkişaf edir?!” - Beynəlxalq təşkilatı topa tutdular

15:05, 13.06.20185985
“Necə desinlər ki, Azərbaycan inkişaf edir?!” - Beynəlxalq təşkilatı topa tutdular
"Azadlıq” qəzeti heç bir nüfuzu olmayan beynəlxalq təşkilatlardan daha birinin növbəti saxta hesabatını dərc edib. Hesabatda iddia olunur ki, guya ölkə rəhbərliyində təmsil olunan məmurlar və onların ailə üzvləri dövlət sərvətlərini Dubaya daşıyırlar.

Vaxatışırı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi beynəlxalq təşkilatların Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP-ın istismara verildiyi günlərdə belə bir hesabatla çıxış etməsi heç şübhəsiz təsadüfi deyil.

AZXEBER.COM məsələyə Milli Məclisin deputatı Çingiz Qənizadə və "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdən münasibət öyrənib.

Saytımıza açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib ki, ölkəmiz hər yeni uğura imza atdıqca bu cür "hesabatlar”ın da sayı artır:

"Heç kim inkar edə bilməz ki, Azərbaycan günü-gündən inkişaf edir. Regionun lider dövlətlərindən biridir, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə əsas yer alır. Bu günlərdə istismara verilən TANAP layihəsi də bunun bariz nümunəsidir. Əlbəttə regionda müstəqil, heç bir dövlətin iradəsindən asılı olmayan və heç bir xarici dairəyə "rupor”luq etməyən güclü bir ölkənin olması çoxlarını narahat edir. Çox təəssüf ki,  daxildəki təxribatçı qüvvələr də onlarla birləşərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Lakin biz görürük ki, onların məkrli istəkləri gerçəkləşmir. Bu səbəbdən onların saxta hesabatlarına da ciddi yanaşmağa dəyməz”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, "Azadlıq” qəzeti "şantaj yuvası”dır və onlardan hər şey gözləmək olar:

"Araşdıranda ki, bunu hansı beynəlxalq təşkilat yayıb, məlum olur ki, həmin təşkilatı heç Avropanın özündə də tanıyan yoxdur. İndi durub demək ki, ölkəmizin sərvətləri talanır və xaricə daşınır, bu iddia yalnız ləyaqətsiz adamların işi ola bilər. Bilirsiniz ki, bütün dünyanın diqqəti bizim regiondadır. Azərbaycanın əsas rol aldığı Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP istismara verilib. Ölkəmiz regionun lider dövlətinə çevrilib. Müəyyən dairələr Azərbaycanın uğurlarına dözə bilmirlər. Keçiblər şər-böhtana, ağızlarına gələni danışır, yayırlar. Onların özləri kimdir ki, hesabatları nə olsun?!. Boş verin getsin".

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ