İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq
SOSİAL
17:00 17.06.2026
212
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, 2026-cı il yanvarın 1-dən 7 il müddətində texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aylıq gəlirin 5 faizi həcmində tutulur.

Layihəyə əsasən, 2026-ci il iyulun 1-dən 20 il müddətində bu mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulmayacaq, vergi dərəcəsi 0 faiz olacaq.

Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 101.8-ci maddəyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində Azərbaycan Respublikasında vergi öhdəliyi olmamış və ya Azərbaycan Respublikasının qeyri-rezidenti olmuş şəxslərin, habelə həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulacaq.

O cümlədən Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 102.1.21-2-ci maddəyə görə, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir – 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır. Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.

Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.

Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend də 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olunacaq.

Rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərmək məqsədilə ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) mütəxəssisin rezident olduğu tarixdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad ediləcək.

Vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən gəlirlərin isə 95 faizi vergidən azad olunur.

Rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müqaviləsi (qərarı) əsasında alınan vəsaitlər və subsidiyalar vergitutulan gəlirə aid edilmir. Bu maddənin müddəaları əlavə dəyər vergisi üzrə azadolmalarla birlikdə tətbiq edilir.

Rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslərin (investisiya təşviqi sənədini alan və ya sənaye yaxud texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi mənfəət də 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olunur. Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara, aparat-texniki vasitələrə vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı halda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirə bu azadolma şamil edilmir.

Rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olacaq. Vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən mənfəətin 95 faizi vergiyə cəlb olunmayacaq.
OXŞAR XƏBƏRLƏR