"Çıxsınlar hansı səbəbə görə quru sərhədləri açmadıqlarını izah etsinlər" - RƏY

"Çıxsınlar hansı səbəbə görə quru sərhədləri açmadıqlarını izah etsinlər" - RƏY
SOSİAL
16:41 23.06.2023
1047
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. 

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Bu qərar eyni zamanda Azərbaycanda quru sərhədlərinin 4 ay müddətində açılmaması deməkdir.

Bəs Azərbaycanda hələ də quru sərhədlərinin bağlı olması necə şərh edilə bilər?

Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli AZXEBER.COM-a danışıb.


O bildirib ki, artıq quru sərhədlərinin bağlı olmasının səbəbi izah edilməlidir:

"Rəsmilər çıxıb izah etməlidirlər ki, hansı səbəbə görə quru sərhədləri bağlı saxlanılır.  Bəlkə də səbəbi izah etsələr insanlar məsələnin nə olduğunu anlayarlar. Hazırkı vəziyyətdə cəmiyyətdə suallar yaranır. 

Artıq nə ölkədə, nə də dünyada virus var.

Ümumidünya Səhiyyə Təşkilatı pandemiyanı ləğv edib, protokolların  qüvvədən düşdüyünü elan edib. Ümid edirəm ki, karantin rejiminin uzadılması qərarına yenidən baxılacaq. Çünki vətəndaşlar arasında  narazılıqlar yaranır. Bu dövlətin imicinə ciddi təsir edir. Dövlətin turizm siyasətinə də mənfi təsir göstərir”.

Natiq Cəfərli hesab edir ki, quru  sərhədlərinin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmək inandırıcı deyil:

"Belə çıxır ki, Azərbaycan öz təhlükəsizliyini quru sərhədlərinin bağlı saxlamaqla təmin edə bilir. Bu doğru yanaşma deyil. Qonşularımızın sərhədləri açıqdır. Təhlükəsizliklərinə də dövlət orqanları cavabdehlik daşıyırlar. Azərbaycan qonşularından daha güclü dövlətdir. Azərbaycan təhlükəsizliyini sərhədlər açıq olarkən də qoruya bilər.  Hazırkı yanaşma vətəndaşlar tərəfindən heç də xoş qarşılanmır”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR