Universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsinin vaxtı müəyyənləşib. Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçiminin 12–19 avqust tarixlərində keçiriləcəyini açıqlayıb. Bu il seçim prosesi başlamazdan əvvəl DİM sədri Məleykə Abbaszadənin keçid balları ilə bağlı verdiyi proqnoz isə xüsusilə 300-400 bal toplayan abituriyentlər arasında rəqabətin daha da artacağını göstərir.
Bəs ixtisas seçimi zamanı abituriyentlər nələrə diqqət etməlidirlər?
Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ hər kəs tərəfindən müzakirə olunur:

"Dövlət İmtahan Mərkəzinin sədrinin son açıqlaması həm sosial şəbəkələrdə, həm də təhsil ekspertləri arasında geniş müzakirələrə səbəb olub. Çünki Məleykə Abbaszadə 150 balla qəbul imkanları barədə danışarkən bildirib ki, I ixtisas qrup üzrə kompüter mühəndisliyi ixtisasına da 150 balla qəbul mümkün ola bilər. I ixtisas qrupunda, xüsusilə kompüter mühəndisliyi ixtisası üzrə rəqabət kifayət qədər yüksəkdir və keçid balları da ən yüksək göstəricilər sırasındadır. Bu baxımdan, həmin ixtisasa 150 balla qəbulun mümkünlüyü ilə bağlı səsləndirilən fikrin nə dərəcədə əsaslı olduğu müzakirə mövzusudur”.
O qeyd edib ki, keçid ballarının müəyyən qədər enəcəyi ilə bağlı fikirlər müsbət hal ola bilər:
"Ümumilikdə isə keçid ballarının müəyyən qədər enəcəyi ilə bağlı fikirlər müsbət qiymətləndirilə bilər. Çünki qəbul planının 70 min və ya daha çox hədəflənən qəbulun az kəsrlər də olsa, başa çatması demək olacaq. Xüsusilə 150 balla qəbul olan ixtisasların sayının I və II ixtisas qruplarında bir qədər artması mümkün olacaqsa”.
Təhsil eksperti deyib ki, ll ixtisas qrupunda risqlər var:
"İndiyədək qəbul prosesi ilə bağlı verilən bir çox proqnoz sonradan özünü doğrultmayıb və dəfələrlə dəyişib. Çünki keçid balları yalnız ümumi nəticələrdən deyil, hər ixtisas üzrə müraciət edənlərin sayından, onların topladığı ballardan, plan yerlərinin sayından və ixtisaslar arasındakı rəqabətdən asılıdır. Ona görə də əvvəlcədən hansı ixtisas qrupunda keçid ballarının nə qədər enəcəyini və ya artacağını dəqiq söyləmək doğru yanaşma deyil. Riskin daha çox müşahidə oluna biləcəyi qruplardan biri isə II ixtisas qrupudur. Bunun əsas səbəbi həmin qrupa ötən illərlə müqayisədə 3 mindən çox əlavə abituriyentin sənəd verməsidir. Bunlar əsasən əvvəlki illərdə III ixtisas qrupunu seçən, lakin bu il seçimlərini dəyişərək II qrupa üstünlük verən abituriyentlərdir”.
Şahanə Ziyad











































