Jalə Əliyeva: "Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadır"

Jalə Əliyeva: "Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadır"
SİYASƏT
15:14 22.07.2025
313
Milli Məclisin deputatı Jalə Əliyeva bu gün qonağı olduğu "Hədəf" verilişində Azərbaycan jurnalistikasının əlamətdar günü münasibətilə fikirlərini bölüşüb.
 
AZXEBER.COM xəbər verir ki, o, öncə bütün jurnalistləri təbrik edib:

"Əvvəlcə, bu əlamətdar və xoş gün münasibətilə Azərbaycan jurnalistikasını ürəkdən təbrik edirəm. Dünən cənab Prezidentin sərəncamı ilə yüksək ada layiq görülən, təltif edilən bütün jurnalistlərimizi və media nümayəndələrimizi təbrik etmək istəyirəm. Xüsusilə sevindiricidir ki, onların arasında sizlər də varsınız.”

Deputat qeyd edib ki, bu cür təltiflər dövlətin Azərbaycan jurnalistikasına göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir:

"Bu, jurnalistikanın inkişafına və təkmilləşməsinə yönəlmiş dövlət qayğısıdır. 150 il əvvəl böyük Həsən bəy Zərdabinin başlatdığı mətbuat ənənələri bu gün də yaşadılır və qorunur. Azərbaycan mətbuatı qaranlıqdan işığa doğru gedən bu yolu şərəflə keçib.”

Jalə Əliyeva bildirib ki, Azərbaycan jurnalistikasının sürətli inkişafı ölkənin müstəqillik əldə etməsindən və xüsusilə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra daha da sürətlənib:

"Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı jurnalistikamızın qarşısında yaşıl işıq yandırdı. Bu dövrdən etibarən Azərbaycan jurnalistikası daha da böyük inkişaf yoluna qədəm qoydu.”

O, dövlətin mətbuat nümayəndələrinə göstərdiyi davamlı diqqəti xüsusi vurğulayıb:

"Bu, ilk təltif deyil. Dövlətimiz Azərbaycan jurnalistlərinə hər zaman diqqət və qayğı göstərib. Azərbaycanın həqiqətlərini dünyaya çatdıran, ictimai-siyasi rəyin formalaşmasında aparıcı rol oynayan jurnalistlərimiz dövlətin daim dəstəyini hiss edirlər.”

Sonda Jalə Əliyeva Azərbaycan jurnalistikasının bu gün dövlətin və xalqın yanında olduğunu bildirib:

"Bu təltiflər onu deməyə əsas verir ki, Azərbaycan jurnalistikası bu gün lazımi yerdədir. Dövlətinə, xalqına və torpağına layiqli xidmət göstərir. Eyni zamanda, ölkəmizin həyata keçirdiyi dəmir iradəli siyasətin, sağlam və obyektiv informasiya axınının təmin olunmasında jurnalistika mühüm rol oynayır.”
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR