Jurnalist fahişələrlə bir gün keçirdi (Reportaj)

MARAQLI
12:30 31.03.2011
8715

 

«Fahişə» sözünün mənşəyi latın sözü “To prostitute” olub ifşa etmək, aşkara çıxarmaq deməkdir. Yarandığı gündən insanlar tərəfindən birmənalı qarşılanmayan və dinlər tərəfindən qadağan edilən fahişəlik qeyri-qanuni əməl sayılsa da, bəzi ölkələrdə artıq fahişəlik rəsmiləşdirilib və onlar dövlətə qazandıqları gəlirdən vergi verirlər.
Azərbaycanda fahişəlik rəsmiləşdirilməsə də, onların fəaliyyəti tam olaraq məhdudlaşdırılmayıb. Hər gün rastlaşdığım mənzərələri qələmə almaq, fahişələr haqqında reportaj yazmaq istəyim də bu qanunsuz peşə sahiblərinin çoxalması ilə əlaqədar yarandı.

*****

Hər gün metronun “28 May” stansiyasının ətrafında müştəri gözləyən fahişələrlə rastlaşıram. Axşamlar işdən gec çıxıb, evə tələsəndə də, metronun bağlanacığından ehtiyat edib, təngnəfəs özümü sonuncu qatara çatdırmağa çalışanda da bir-iki saat ləngiyib fahişələrlə danışmaq, onlardan reportaj hazırlamaq istəyirəm. Bu fikrimi baş redaktorumuza bildirəndə etiraz eləmədi. Yazacağım reportajın gələcək taleyini müəyyənləşdirəndən sonra münasib imkandan - bayram tətilindən istifadə etməyə qərar verdim. Elə bir ciddi hazırlıq da lazım olmadı, mənə. Çantamı çiynimə aşırıb saat 22:00-dan sonra üz tutdum “28 May” metrostansiyasının ətrafına...
Düzü, müştəri “ovuna” çıxmış fahişələrin nə danışacağını bilməsəm də, verəcəyim suallar və onların danışacağı yalanları artıq hiss edirdim. Havanın qaralmasından istifadə edən fahişələr yavaş-yavaş gözə dəyməyə başlayır. Zövqsüz görkəmlərindən, şit-şit danışıb, hündürdən qəh-qəhə çəkib gülməklərindən, həddindən artıq istifadə etdikləri kosmetikanın qaranlıqda belə diqqət çəkməyindən onların hansı yolun yolçusu olmaları anlaşılır. Artıq “qəhrəmanlarım” iş başındadır. Bir siqaret yandırıb Cəfər Cabbarlı heykəlinin yanında veyillənən, ətrafdakı fahişələrə nisbətən gənc görünən birinə yaxınlaşıram:

- Salam. Axşamın xeyir.
Sərt cavab eşidəcəyimdən ehtiyatlansam da, zənnim məni aldatmır. Bu, müştəri gözləyən fahişələrdən biridir.
- Nə istiyirsən, ay oğlan? Deyəsən, xoşuna gəldim, hə ? Yerin var?
- Mən jurnalistəm, istəyirəm ki, bir az səninlə söhbət eləyəm. Sonra da razılaşsan, söhbətimizi yazaram (artıq cibimdəki diktofonun düyməsini basmağa hazırlaşıram).
Jurnalist olduğumu eşidən kimi səhərdən əzilib-büzülən qadın aradan çıxır. İlk cəhdimin uğursuzluğu məni bir az ruhdan salır. Düşünürəm ki, fahişələrdən heç biri jurnalist olduğumu bilib mənimlə danışmağa razı olmayacaq. Amma siqareti zibilqabına atmağa macal tapmamış nisbətən yaşlı fahişələrdən biri mənə yaxınlaşır:
- Nə lazımdır, cavan oğlan?
- Söhbət eləməyə adam axtarıram. Bəlkə, bir az danışaq, səninlə.
Key-key üzümə baxmağından hiss edirəm ki, təəccüblənib. Birtəhər məqsədimi başa salıram, söhbətləşməyə güclə razı olur. Neft Akademiyasının yanına doğru addımlayırıq. Məni qəribə bir maraqla başdan ayağa süzür. “Yaraşıqlı oğlansan, nə əcəb özünə əməlli-başlı bir sənət tapmırsan”, - deyir.


*****

“Adım Gülyadı. 33 yaşım var. Atam rəhmətə getmişdi. 14 yaşım olanda qonşumuzun oğlu ilə görüşməyə başladım. Bir gün hiss elədim ki, hamiləyəm... evdən qaçdım... bir gecə tələbə oğlanlarla bir evdə qaldım. Mənə toxunmadılar. Görüşdüyüm oğlan kömək elədi, uşağı aldırdım. Bir-iki il yaşadım onunla. Məni çox döyüb-incidirdi. Anama yalvardım ki, məni bağışlasın, evə qayıdım. Yazıq arvad razılaşdı. 3 il heç kəslə görüşmədim, evdən qırağa çıxmadım. Anamın “pensiyası” ilə dolanırdıq. Anam xəstələnib yatağa düşəndən sonra iynə-dərman pulu üçün qohumlara ağız açmağa başladım. Pul tapa bilmirdim. 21 yaşımdan başladım fahişəlik eləməyə. Daha əvvəlki kimi barlara gedə bilmirəm. Əsəblərim çox pozulub. Hərdən yanımdan keçən ər-arvadları, sevgililəri görəndə qadın olduğumdan utanıram. Ölmək istəyirəm, utandığımdan.”
Həyat hekayətini danışa-danışa kövrəlir. Pinti uşaqlar kimi burnunu qoluyla silib, dişini bərk-bərk sıxır.
“Elə bilirsən, asandı belə yaşamaq? Gündə nə qədər təhqir eşitmək olar? Polislər də imkan vermir, rahat “işləməyimizə”. Bilirsən də, bura ucuz “qızlar” yığışır. Müştərilərin çoxusu da fəhlə, kasıb-kusub, avara adamlar olur”.
Gözlərinin içinə baxıram, qadın incəliyindən, ürkəklikdən əsər-əlamət qalmayıb. Bütün gözəlliklərin yerini qəzəb, sırtıqlıq tutub.
“Bir qarın yemək üçün gündə 3-4 kişiylə görüşürəm. Çoxusu da aldadıb pulumuzu vermir. 15-20 manata xidmət göstərirəm. Amma elə gün olur ki, 50 manat da qazanıram. Ayın sonunda ev kirayəsini güclə ödəyirəm. Tez-tez həkimə gedib müayinə olunuram ki, pis xəstəliyə yoluxmayım”.
... Gülyanın həyat hekayəsini dinləyə-dinləyə onun nəyi düz, nəyi yalan danışdığını aydınlaşdırmağa çalışıram. Hər fahişənin uydurduğu bir həyat hekayəsi var. Çoxusu da əzablı, kədərli hekayələr...
Donuq gözlərindəki yaşı əlinin içiylə silib, gülümsəməyə çalışır, Gülya... “Qəzeti alıb oxuyacam ha... Buralarda oluram, hər gün. Xoşuma gəlməsə, inciyərəm səndən”.
Gülya sağollaşmadan məndən aralanıb gedir və görkəmindən fəhləyə oxşayan bir kişiyə yaxınlaşır. Bir xeyli onları müşahidə eliyəndən sonra astaca gəlib yanlarından keçirəm. Gülya bir az əvvəl mənə danışdığı kədərli həyat hekayəsini unudub, gülə-gülə fəhləyə bənzəyən ortayaşlı kişi ilə “bazarlıq” edir. “Əşşi, 20 manat nə puldu ki? Onun da yarısından çoxunu iynə-dərmana verəcəm. Evdə xəstə uşağım var”.
Yeni kişiyə, daha kədərli bir əhvalat fikirləşib, Gülya...
...Telefonu çıxarıb saata baxıram, 23:00… Artıq 5-6 fahişə ilə söhbət eləmişəm. Qısa vaxt ərzində o qədər kədərli əhvalat eşitmişəm ki, beynim gərginlikdən sıxılır. Evə metro ilə qayıtmaq şansımın hələ də qaldığını düşünüb, Səməd Vurğun bağına tərəf addımlayıram. Geyimim məni əcnəbilərə bənzətdiyindən bağda dolaşan fahişələr yaxınlaşıb söz atır, məni danışdırmağa çalışır.
Vəziyyəti lazımınca dəyərləndirirəm.

*****

Gənc, geyimindən bağdakı fahişələrdən fərqlənən, uca səslə söyüş söyən sərxoş fahişəyə yaxınlaşıram. Salamsız-kəlamsız gözlərinin içinə baxıram. O da özünü toparlayıb gözümün içinə baxır. Ikimiz də susuruq. Gözlərindəki parıltıdan, qəribə-qəribə məni süzməyindən hiss edirəm ki, təcrübəsizdir. Bir xeyli məni süzüb gülür.
“Sən ya türksən, ya da iranlı, eləmi? Düzünü de, hardansan?”
Yalan danışmaq istəmirəm. “Yox nə Türkiyədənəm, nə də Irandan. Azərbaycandanam. Jurnalistəm, istəyirəm ki, səninlə bir az söhbət eliyim.”
“Boş-boş söhbət eləməkdən nə çıxacaq eee?.. 50 manat ver, aparım səni evimizə”. Evə getmək istəmədiyimi, reportaj hazırlamaq üçün bağa gəldiyimi biləndə yenidən şaqqanaq çəkib gülür.
“Dəlisən sən? Gecənin bu vaxtı camaat kef çəkir, sən avara-avara işlə məşğulsan. Pulun yoxdusa, səni pulsuz da “yola verərəm”, gedək bizə”. Dayanmadan gülməyindən hiss edirəm ki, bərk sərxoşdur. Qolundan tutub yaxınlıqdakı skamyaların birində oturmasına kömək eliyirəm.
Adını soruşuram, nə üçün fahişəlik elədiyini öyrənmək üçün sual verirəm. Bir yalan uydurmasını sakitcə gözləyirəm. Adının Məleykə olduğunu deyib məndən siqaretimin olub-olmadığını soruşur. Uzatdığım siqareti götürüb damağına qoymağından hiss edirəm ki, yenicə siqaret çəkməyə başlayıb. Yandırdığım siqareti acgözlüklə sümürüb, gülməyini kəsir. Birdən əlimdən yapışıb uşaq kimi hönkürüb ağlamağa başlayır. “Vallah mən q...ə deyiləm. Allah haqqı, imam haqqı q...ə deyiləm. Ərim alçaq məni atıb, başqasıyla gəzməyə başlayandan sonra onun acığına çıxıram, bu bağa. Nə pula, nə də kiminsə köməyinə ehtiyacım yoxdu. Evim də var, yaşayışım da normaldı. Atam-anam çoxdan maşın qəzasında dünyasını dəyişib. Ərim biqeyrət də övladım olmadığına görə məni atıb gedib. 8 il bir yerdə yaşamışıq, mənim evimdə. Yetim qız idim, onu tanıyanda. Məni çox sevirdi. Valideynlərimin yoxluğunu mənə unutdururdu. Amma uşağımız olmadı...”
Məleykənin gözlərinin içinə baxmağa çalışıram. Gözlərində nifrətdən başqa ifadə yoxdur. Uzaqdan yaxınlaşan polis bizi yəqin ki, sevgili hesab etdiyindən heç nə demir. Başını bulaya-bulaya digər fahişələrə yaxınlaşıb onları bağdan uzaqlaşdırmağa çalışır.
Məleykə ağlaya-ağlaya əllərimdən yapışıb eyni sözü təkrarlayır: “Vallah mən q..ə deyiləm...”
Xeyli ağladıqdan sonra dayanıb üzümə baxır. “Gedək evdə söhbət eliyək, sənə bütün həyatımı danışım”, - deyir. Narazılıqla başımı bulayıram. Bir xeyli donuq-donuq üzümə baxır. Qəfildən durub qaça-qaça bağın kənarındakı taksi dayanacağına gedir. Məleykənin oturduğu taksi gözdən itib, şəhər işıqlarına qarışana qədər arxasınca baxıram.
Təkrar telefonumda saata baxıram. 23:45-dir. Metronun bağlanmağına hələ xeyli var. 2 saata yaxın bir vaxt ərzində eşitdiyim uydurma həyat hekayələrini və Məleykənin sərxoş həqiqətlərini düşünə-düşünə evə yollanıram. Yenə də içimdə qəribə bir inamsızlıq var. “Hər fahişənin uydurduğu bir həyat hekayəsi var”, - deyə düşünürəm.

Müəllif: Cəlil CAVANŞİR,

Mənbə: Mərkəz qəzeti

OXŞAR XƏBƏRLƏR