Jurnalistin kədəri - KÖŞƏ

Jurnalistin kədəri - KÖŞƏ
KÖŞƏ
00:49 26.01.2012
1635

Seymur Verdizadə

Adətən, redaksiyalarda nahar menyusu standart olur: çörək, kolbasa və kola. Maaş vaxtı pendir və turşu da menyuya əlavə edilir. Mədə ağrıları baş qaldıranda isə jurnalistlər sulu yeməklərə üstünlük verirlər.Jurnalistlər arasında həmrəylik güclü olur. Mətbuat əhli sevincini də, kədərini də bölüşməyi bacarır. Əlində bir tikə çörəyi olan jurnalist onu iş yoldaşı ilə paylaşmağı özünə borc bilir. Redaksiyaların əksəriyyətində nahar vaxtı jurnalistlər bir süfrə arxasında cəm olurlar. Həmişə ədalət axtarışında olan jurnalistlər süfrə başında oturanda Allahın bəxş etdiyi nemətləri də öz aralarında ədalətlə bölürlər. Başqalarını deyə bilmərəm, amma mənim işlədiyim redaksiyalarda əməkdaşlar arasında münasibət həmişə bu cür olub. Görünür, buna görə özümüzdən əvvəlki nəslə minnətdar olmalıyıq.Mən, 14 il əvvəl “Bu gün” qəzetində redaktor kimi işə başlayanda, kollektiv bir ailə kimi fəaliyyət göstərirdi. Biz öz aramızda topladığımız pulla yemək alır, bir yerdə nahar edirdik. Yaşından, redaksiyadakı mövqeyindən asılı olmayaraq, hər gün bir nəfər marketə gedir, adətən, standart olan menyumuzda nahar üçün nəzərdə tutulan qidaları alırdı. Hətta redaksiyanın qocaman əməkdaşları da bu qaydaya əməl edirdilər.Jurnalistlər, adətən, qarlı havanı sevməsələr də, həmin gün təbiət bizim bu arzumuzu nəzərə almamışdı. Bayırda hava çox soyuq olsa da, Əfqan uşaqların öz aralarında yığdığı pulu səliqə ilə cibinə qoyub, yaxınlıqdakı marketin yolunu tutdu. İndi modern.az saytının redaktoru olan Əfqan Qafarlı əməkdaşların əksəriyyətindən yaşca böyük olsa da, redaksiyanın yazılmamış qanunlarına həmişə əməl edirdi. Əfqanın üstünlüyü özünü ancaq yazılarının keyfiyyətində göstərirdi.Təxminən 15 dəqiqə sonra Əfqan geri döndü. Əlində heç nə yox idi. O, soyuqdan donan əllərini nəfəsi ilə isitdikdən sonra masanın arxasına keçib, yarımçıq qalmış məqaləsini yazmağa başladı. Onun sifətində qəribə ifadə vardı. Mən, ancaq qəzeti bağlanan baş redaktorların çöhrəsində bu cür kədər görmüşdüm.Biz Əfqanın niyə belə məyus olduğunu bir saat sonra öyrəndik. Məlum oldu ki, həmkarımız kolbasa almaq üçün piştaxtaya yaxınlaşanda, yekəpər bir kişi çiyni ilə onu kənara itələyib. Əfqan qanacaqlı adam olduğu üçün həmin kişinin onun yerini tutmasına etiraz etməyib. Səbrini basaraq, qarşısındakı adamın nə vaxt bazarlıq edib qurtaracağını gözləməyə başlayıb. Kişi yağ, pendir, çörək və limonad alandan sonra kobud barmaqlarını bizim hər gün naharda yediyimiz kolbasaya tərəf tuşlayaraq, belə deyib: “Bu kolbasadan mənim pişiyim üçün yarım kilo çəkin”. Bu sözləri eşidəndə Əfqanın ovqatı təlx olduğu üçün kor-peşman redaksiyaya qayıdıb.
OXŞAR XƏBƏRLƏR