"Jurnalistin vəzifəsi polislə əlbəyaxa olmaqdır?"

MARAQLI
05:35 08.04.2011
1901
Jurnalistin peşəsi, vəzifəsi xəbər verməkdir, yoxsa qanunu pozan vətəndaş haqqında qəti tədbirlər görən polislə əlbəyaxa olmaq? Belə olanda onun özünə də polisə müqavimətə görə qanunun tələbi tətbiq edilir və onda da deyirlər ki, jurnalistlərin hüquqları pozulur”. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu fikirdədir.

“Media forum” saytı xəbər verir ki, Hikmət Babaoğlu müxalifətin son vaxtlar keçirdiyi aksiyalarda bu tip hadisələrin müşahidə edildiyi və bunun jurnalistlərin peşə nüfuzuna ziyan vurduğu qənaətindədir: “Biz peşə nüfuzumuzu qorumaq üçün bu cür addımlardan imtina etməliyik”.

Azərbaycanda bəzi jurnalistlərin siyasətçilərdən çox siyasiləşdiyini vurğulayan Hikmət Babaoğlu qeyd edib: “Çox halda biz Azərbaycan siyasi palitrasında mövcud olan ayrı-ayrı siyasi güclərdən, partiyalardan daha artıq siyasiləşmiş jurnalistlərə təsadüf edirik. Jurnalistlər bəzi hallarda heç bir siyasinin səsləndirmədiyi, ifadə etmədiyi siyasi tələblər irəli sürürlər. Məsələn, son dövrlər Azərbaycanda müəyyən sosial problemlərlə bağlı müxtəlif siyasi qruplar mitinq keçirməyə cəhd göstərirlər. Mitinqləri təşkil edən qrupların səsləndirdiyi tezislər, fikirlər əslində bəzi sosial məsələlərlə bağlı olmalıdır. Amma çox təəssüf ki, Azərbaycan mətbuatında ayrı-ayrı həmkarlarımızın yazdığı yazılarda bu sosial tələblər həddindən artıq siyasiləşdirilir. Jurnalist siyasətçilərdən çox siyasətçi olmağa çalışır”.

Hikmət Babaoğlu hesab edir ki, jurnalistlər ayrı-ayrı fikirləri qəzet səhifələrində bəzən o qədər kəskin və təhrif olunmuş şəkildə təqdim edirlər ki, siyasi mövqe jurnalistlərin fəaliyyətinin kölgəsində qalır: “Jurnalistlər iki yoldan birini seçməlidirlər - ya aktiv siyasi fəaliyyətlə məşğul olaraq siyasət yolunu, ya da jurnalist olmaq istəyirlərsə, tərəfsiz jurnalist olmağı. Onsuz da indiki dövrdə jurnalistika ilə siyasət arasında çox nazik pərdə var. Bəzən bunlar arasında olan sərhədin hardan keçdiyinin fərqində ola bilmirik. Ona görə də bu tarazlığı qorumaq üçün çox həssas olmalıyıq.

Sirr deyil ki, bu gün bütün dünya mediası siyasiləşib. Avropalı dostlarımız bizim kimi ölkələrə medianı siyasiləşdirməməyi tövsiyə edirlər. Amma diqqətlə analiz etsək görəcəyik ki, siyasiləşən, siyasi məqsədlərə, siyasi ideologiyaya xidmət edən ən böyük transmilli media holdinqləri elə Qərbdədir. Bu holdinqlər konkret maraqlara, mənsub olduqları dövlətin və xalqın maraqlarına xidmət edirlər. Və onu da bilirik ki, fərqli maraqlar hər zaman toqquşur. Ola bilməz ki, iki müxtəlif xalqın maraqları tamamilə eyni olsun və üst-üstə düşsün. Deməli, əks tərəfin hər hansı marağı varsa, orada artıq bizim marağımız onların maraqları ilə toqquşacaq.

Belə olan halda, necə olur ki, özünü demokratiyanın təbliğatçısı kimi tanıdan, ayrı-ayrı media strukturları, ayrı-ayrı imperialist güclərin əlində təmərküzləşən media holdinqləri fəaliyyətlərini məhz o güclərin milli maraqlarının müdafiə olunması yönündə qururlar, amma biz öz milli maraqlarımızı qoruyanda bu, söz azadlığının pozulması kimi qiymətləndirilir. Onların siyasiləşməsi və konkret siyasi maraqlara xidmət etməsi normal hal kimi qəbul olunur, bizim mətbuatda dövlət və milli maraqlarımızın qorunması isə antidemokratik sayılır. Əslində, mahiyyət etibarilə bunların hər ikisi eynidir. Siz öz maraqlarınızı qoruyursunuz, biz də öz maraqlarımızı. Necə olur ki, onların mediası onları qoruyanda bu, demokratiya olur, biz öz maraqlarımızı, dövlətimizin, millətimizin, xalqımızın maraqlarını qoruyan zaman bu, medianın siyasiləşməsi olur?

Çox təəssüf ki, bu və ya buna bənzər zərərli tendensiyalar davam etməkdədir. Bizim həmkarlarımızın da bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən bu informasiya burulğanında, demokratiya-siyasət, siyasət-demokratiya, siyasət-media, media–siyasət oyunlarında o nazik pərdənin harasında - sağında və ya solunda qərar tutacaqlarını müəyyənləşdirə bilmirlər.

OXŞAR XƏBƏRLƏR