Son günlər koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. Qeyd edilir ki, yoluxanlar arasında "Omikron” ştamı üstünlük təşkil edir. Ötən gün isə yoluxma sayı artaraq yenidən 5 mini ötüb, 21 nəfər isə dünyasını dəyişib.
Bəs koronavirusun bu cür artması səbəbilə yenidən qapanmalara gedilə bilərmi? Hansı tədbirlər görülməlidir?
Millət vəkili Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında karantinin sərtləşdirilməsinin əleyhinə olduğunu bildirib:
"Mən karantin qaydalarının sərtləşdirilməsinin əleyhinəyəm. Yoluxma onsuz da artır. Bunu götürməyə də səhiyyə sistemimizin gücü çatmır. 3 gün, 4 gün, 5 gün çağırırlar, amma heç kim gəlib maraqlanmır, evdə yatan xəstə ilə maraqlanan yoxdur, çünki qaldıra bilmir, formal taxtadan ev tikmişik, hamısı yanmağa, çökməyə başlayır. Normal bir islahat aparmamışıq ki, nəticəsində vətəndaşın qulluğunda müəyyən dərəcədə dura biləcək hal olsun. İdarəetmədə də nəqliyyatdan tutmuş tikintiyə qədər hamısı bərbad vəziyyətdədir. Belə bir vəziyyətdə bağlasan nə olacaq? Bağlasan, heç olmasa evinə 3-5 manat çörək pulu aparan adam da ondan məhrum olacaq. Onlara da heç bir sosial müavinət verə bilməyəcəksən.
Ona görə də bu cür vəziyyətdə ancaq əhali özü-özünü qorusun, qaydalara əməl etsin, yəni hər kəs özünün qoruyucusuna çevrilsin. Əks halda çətin olacaq”.

Deputatın sözlərinə görə, bu cür hazırki vəziyyətdə hamı yoluxaraq immuniteti gücləndirməlidir:
"Bu məsələdə mənim fikrimcə, lazımi standartlara gedilməsinin də bir anlamı yoxdur. Xəstəxana, xidmət kimi məsələlərdə lazımi tədbirlər görülmürsə, vətəndaş nə etsin, bağladın, metro bağlansa, onda taksiyə pul verməli olacaq, avtobus bağlansa, maddi cəhətdən çökəcək, işə gedə bilməyəcək, iş yerləri bağlanacaq, çörək pulu qazana bilməyəcəklər. Bütün bunlar hamısı problemdir. İndi hamı yoluxaraq immuniteti möhkəmləndirməyə məhkumdur və buna doğru da gedir”.
Aydın Nuri