Keçmiş məhbus: Mənim kimi cinayətkarlara edam cəzası verilməlidir

Keçmiş məhbus: Mənim kimi cinayətkarlara edam cəzası verilməlidir
SOSİAL
23:21 26.07.2019
7434
Samir Xəlilov narkotik satışı ilə məşğul olduğu üçün 43 yaşında həbs edilib. 7 il məhbus həyatı yaşadıqdan sonra azadlığa qovuşub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağında yaşayır.

AZXEBER.COM xəbər verir ki, keçmiş məhbus "Baku TV”yə həbsxana rejimindən danışıb.

Deyir ki, özü heç vaxt nə siqaret çəkib, nə narkotik çəkib, nə də içib. Lakin ehtiyac onu narkotik satmağa məcbur edib. Anası hipertoniyadan əziyyət çəkib, atası isə 7 il xərçəng xəstəliyi ilə vuruşub. Evini belə satıb valideynlərini müalicə edən Xəlilov təcridxanaya düşdüyü günü belə xatırlayır:

"Təcridxananın qapısından girəndə dəmir qapı ki bağlanır, səksənirsən. O səksənmə zamanı hiss edirsən ki, azadlıqla vidalaşdın. O hissi keçirəndə özümün özümə yazığım gəldi”.

Bir neçə dəfə intihara cəhd elədiyini, amma uğursuzluğa düçar olduğunu vurğulayan Samir Xəlilov bunun səbəbini də açıqlayıb:

"Bəzən yağış yağıb, paltarım yaş olub, dəyişəcəyim olmayıb, nifrət eləmişəm hər şeyə. Düşünmüşəm ki, belə bir vaxtda yaşamamaq yaxşıdır. Bəzən aylar keçir, heç kim səni yoxlamağa gəlmir. O zaman yaşamaq istəmirsən. Ölmək istəyirsən”.

O, Ağır Cinayətlər Məhkəməsində hökm oxunan zaman hakimlə olan maraqlı dialoqunu da xatırlayıb:

"Hökm oxunanda mənə son söz verildi. Hakimə dedim ki, mən layiqli cəzamı almışam. Etirazım yoxdur. Amma sizdən xahiş edirəm, məndən sonra cinayətkarı yox, cinayətin səbəbkarını axtarın tapın ki, burada - mənim yerimdə oturanların sayı azalsın.

Sizə isə deyirəm ki, mənim kimi cinayət törədənlərə edam cəzası verilməlidir. İnsan qorxmasa, düz yola getmir”. 
OXŞAR XƏBƏRLƏR