Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclası maraqlı müzakirələrlə yadda qalıb.
AZXEBER.COM xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanovla komitənin bir digər üzvü Kamaləddin Qafarov arasında dərmanların qiymətləri ilə bağlı fikir ayrılığı yaranıb.
Əvvəlcə çıxış edən komitə sədri regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan bəhs edib. O, ən çox narazılıqlardan birinin də ambulator müalicə zamanı dərmanların tapılmaması olduğunu deyib:
"Dərmanların qiymətlərinin yüksək olması çoxsaylı narazılıqlara səbəb olur. Bunlar hamısı nəzərə alınmalıdır. Bu məsələ ilə əlaqəli TƏBİB rəhbərliyi ilə danışıqlar aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin. Təbii ki, bu məsələnin həlli böyük ödəniş tələb edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunun imkanları günü-gündən genişlənir. İlk olaraq qazi və şəhid ailəsinin üzvləri, sonrakı mərhələdə isə əlil və təqaüdçülər üçün bu imkan yaradılsın”.
"Qafqazinfo"nun xəbərinə görə, komitənin üzvü deputat Kamaləddin Qafarov iclasda Azərbaycanda bəzi dərmanların qiymətlərinin Türkiyədən ucuz olduğunu dilə gətirib.
Komitənin sədri Əhliman Əmiraslanov bu fikirlə razılaşmayıb: "Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”
Kamaləddin Qafarov isə cavabında bildirib ki, əhalinin aldığı preparatların içində Türkiyədəkindən 10, bəzən 20 dəfə də baha preparatlar var: "Amma bu preparatların qeydiyyatı olmadığından ölkəyə idxalı mümkün deyil. Bu, bütün preparatlara aid deyil, ucuz olanlar da var”.
Kamaləddin Qafarov daha sonra bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik daha ucuzdur.