Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
AZXEBER.COM xəbər verir ki, Xalq artistiylə vida mərasimi keçirilir. Mərasimdə mərhum Ramiz Novruzun sənət dostları, yaxınları və onu sevənlər də iştirak edir. İştirak edənlərdən biri də azərbaycanlı rejissor, aktyor Kənan MM olub.
Aktyor AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ramiz Novruz mədəniyyətimizdə, kinomuzda iz qoyan ustadlardan olub:
"Bu acı xəbəri eşidən kimi bura gəldik. Ramiz müəllimin əmisi oğlu ilə dostam, həm də biz onunla birgə eyni serialda rol almışıq. Bayaq telefonda şəkillərə baxırdım, qucaqlaşan yerdə şəkillərimiz var, həqiqətən də bir ata oğlunu qucaqlayır. Nə yaxşı ki, onu tanımışam, mədəniyyətimizdə, kinomuzda iz qoyub, ustadımız olub. Azərbaycan dili dünyanın ən zəngin dilidir. Amma insan həqiqətən danışanda bilmir ki, fikrini necə çatdırsın. Heyif, o yaşda, o karizmatiklikdən. Hamıya aid etmirəm. Cavan aktyorlar bəzən yaşlı nəsil aktyorlar tərəfindən qınanır. Bu insan isə cavanlara yalnız dəstək olurdu. Allah rəhmət etsin".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.
Aydın