Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?

Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
MEDIA
16:38 04.11.2026
147
2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Sənədə əsasən, strategiya dövrünün sonunadək pilot layihənin 150 məktəbdə həyata keçirilməsi planlaşdırılır.

Gələn il təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi üçün də 36,8 milyon manat proqnozlaşdırılır.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, şagird sayına uyğun maliyyələşmə modelinə keçid əslində, təhsil sistemində maliyyə resurslarının bölüşdürülməsinə, məktəblərin idarə olunmasına və təhsilin keyfiyyətinə yanaşmanın yenilənməsidir:
"Əsas məqsəd hər bir məktəbin real ehtiyaclarını nəzərə almaqla dövlət vəsaitindən daha səmərəli istifadə etmək, ayrılan maliyyənin nəticəyönümlülüyünü artırmaq olmalıdır. Bu modelin uğuru isə bir şərtdən asılıdır: maliyyələşmə şagird sayına əsaslansa da, təhsilə əlçatanlıq və hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ maliyyə hesablamalarından üstün tutulmalıdır. Şagird sayına uyğun maliyyələşmə modelinə keçid təhsil sistemində maliyyə resurslarının bölüşdürülməsinə yeni yanaşmadır. Bu islahatın əsas mahiyyəti ondan ibarətdir ki, məktəbə ayrılan vəsait əvvəlki illərin büdcə göstəricilərinə və mövcud ştat strukturuna deyil, daha çox təhsilalanların sayına və təhsilin ayrı-ayrı səviyyələri üzrə müəyyən edilmiş xərc normalarına əsaslansın. Hesab edirəm ki, bu yanaşma düzgün və düşünülmüş şəkildə tətbiq olunarsa, həm maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə, həm də məktəblərdə idarəetmənin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər. 2027-ci ildə bu məqsədlə 223,8 milyon manatın ayrılmasının nəzərdə tutulması dövlətin islahata verdiyi əhəmiyyətin göstəricisidir. Pilot layihənin strategiya dövrünün sonunadək 150 məktəbi əhatə etməsi də təsadüfi deyil. Belə bir mexanizmin bütün ölkə üzrə birdən-birə tətbiqi əvəzinə mərhələli şəkildə sınaqdan keçirilməsi daha məqsədəuyğundur. Çünki məktəblərimizin yerləşdiyi ərazi, şagird sayı, maddi-texniki bazası, təhsil səviyyələri və real xərcləri eyni deyil. Pilot mərhələ bu fərqləri nəzərə almağa, mexanizmin üstünlüklərini və mümkün çətinliklərini vaxtında müəyyənləşdirməyə imkan verəcək”.

Deputat əlavə edib ki, bu modelin təhsilin keyfiyyətinə mümkün təsirlərindən biri məktəblərin maliyyə resurslarından istifadədə məsuliyyətinin artmasıdır:

"Əgər məktəbə ayrılan vəsait şagirdlərin sayı və təhsil ehtiyacları ilə əlaqələndirilirsə, rəhbərlik maliyyə planlaşdırmasına daha ciddi yanaşmalı, mövcud imkanlardan səmərəli istifadə etməlidir. Məktəbin tədris mühiti, dərs vəsaitləri, texniki təminatı, laboratoriyaları və digər ehtiyacları üçün ayrılan vəsaitin daha məqsədyönlü xərclənməsi mümkün ola bilər. Eyni zamanda, maliyyələşmənin şəffaf meyarlar əsasında aparılması məktəblər arasında resurs bölgüsündə obyektivliyi gücləndirər.

Ancaq bir məqamı xüsusi vurğulamaq istəyirəm: şagird sayına görə maliyyələşmə keyfiyyətin özünü avtomatik təmin etmir. Təhsilin keyfiyyəti müəllimin peşəkarlığı, tədrisin məzmunu, məktəbdə yaradılan mühit, şagirdin fərdi ehtiyacları və ailənin təhsilə münasibəti kimi çoxsaylı amillərdən asılıdır. Ona görə də ayrılan vəsaitin həcmi ilə yanaşı, onun hansı məqsədlərə yönəldilməsi və hansı nəticələr doğurması da qiymətləndirilməlidir. Yalnız şagird sayını əsas götürüb təlim nəticələrini, müəllim təminatını və məktəbin real ehtiyaclarını diqqətdən kənarda saxlamaq olmaz.
Kənd məktəbləri ilə bağlı narahatlığa gəlincə, bu məsələ tamamilə haqlı və diqqətəlayiq sualdır. Çünki şagird sayı az olan məktəblərin xərcləri heç də şagird sayına mütənasib şəkildə azalmır. Məsələn, 50 şagirdi olan ucqar kənd məktəbinin binasının saxlanılması, istilik, elektrik enerjisi, təhlükəsizlik və müəllim təminatı ilə bağlı xərcləri 500 şagirdi olan məktəbin müvafiq xərclərindən on dəfə az deyil. Üstəlik, ucqar ərazilərdə müəllimlərin cəlb edilməsi, nəqliyyat və infrastruktur problemləri əlavə maliyyə tələb edə bilər. Deməli, yalnız şagird sayına əsaslanan vahid maliyyə norması tətbiq edilərsə, azkomplektli kənd məktəbləri çətin vəziyyətlə üzləşə bilər”.

Müsahibimizin sözlərinə görə, bu, yeni modelin mütləq kənd məktəblərinin bağlanmasına gətirib çıxaracağı anlamına gəlmir:

"Sentyabrın 24-də imzalanmış Prezident Fərmanında maliyyələşmənin mərhələli tətbiqi nəzərdə tutulur. Sonrakı normativ qaydalarda isə məktəblərin növləri və təhsil səviyyələri üzrə fərqli xərc normaları və artım əmsalları müəyyənləşdirilib. Həmçinin pilot layihəyə daxil ediləcək məktəblərin seçimində şagird sayı ilə yanaşı, infrastruktur və maddi-texniki təminat, əhatə olunan təhsil səviyyələri də nəzərə alınır. Bu, məktəblərin maliyyə ehtiyaclarının yalnız şagird sayından ibarət olmadığının qəbul edildiyini göstərir. Bununla belə, hesab edirəm ki, kənd və ucqar ərazilərdə yerləşən, sosial və coğrafi baxımdan xüsusi əhəmiyyət daşıyan məktəblər üçün əlavə qoruyucu mexanizmlər də tətbiq edilməlidir. Belə məktəblərin maliyyələşdirilməsində minimum təminat prinsipi nəzərdə tutulmalı, binanın saxlanılması və zəruri müəllim ştatlarının qorunması üçün şagird sayından asılı olmayan baza maliyyəsi ayrılmalıdır. Ucqar ərazilərdə fəaliyyət göstərən məktəblərin əlavə xərcləri də ayrıca əmsallarla nəzərə alına bilər. Çünki təhsilin əlçatanlığı yalnız böyük məktəblərin səmərəli maliyyələşdirilməsi ilə ölçülmür. Dövlətin vəzifəsi ən ucqar kənddə yaşayan uşağın da keyfiyyətli təhsil almaq imkanını qorumaqdır. Digər vacib məsələ maliyyələşmənin nəticələrinin mütəmadi qiymətləndirilməsidir. Yeni qaydalarda şagirdlərin davamiyyəti, təlim nəticələri və resurslardan istifadənin səmərəliliyi əsasında monitorinqin aparılması, ayrılan vəsaitlər barədə məlumatların ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Bu, şəffaflıq və hesabatlılıq baxımından əhəmiyyətlidir”.

Elnarə Akimova vurğulayıb ki, qiymətləndirmə zamanı məktəblərin yerləşdiyi ərazi və başlanğıc imkanları da nəzərə alınmalıdır:

"Şəhər məktəbi ilə ucqar kənd məktəbini eyni göstəricilərlə müqayisə etmək obyektiv nəticə verməz. 2027-ci ildə təhsil sisteminin informasiyalaşdırılması üçün nəzərdə tutulan 36,8 milyon manat da bu prosesin vacib tərəflərindən biridir. Dəqiq şagird uçotu, elektron məlumat bazaları, maliyyə hesabatlılığı və rəqəmsal idarəetmə yeni mexanizmin düzgün işləməsinə kömək edə bilər. Rəqəmsallaşma burada sadəcə texniki yenilənmə deyil, qərarların real məlumatlara əsaslanması üçün zəruri vasitədir.

Mənim qənaətimcə, bu islahatın uğurunu məktəblərə ayrılan vəsaitin necə hesablanması ilə yanaşı, onun təhsilin keyfiyyətində hansı real dəyişikliklər yaratması müəyyən edəcək. Məqsəd az şagirdli məktəbləri maliyyə baxımından zəiflətmək və ya məktəbləri say göstəricisi ilə rəqabətə sövq etmək deyil. Məqsəd hər bir şagirdə ayrılan dövlət vəsaitinin onun təhsil imkanlarının yaxşılaşmasına xidmət etməsidir. Unutmamalıyıq ki, bəzən ucqar bir kənd məktəbinin qorunması iqtisadi səmərəlilik məsələsindən daha çox sosial ədalət, bərabər imkanlar və dövlətin vətəndaşı qarşısında məsuliyyəti məsələsidir. Yeni maliyyələşmə modeli də məhz bu prinsipləri qoruduğu təqdirdə həqiqi nəticə verəcək”.

Təhsil eksperti Elmin Nuriyev bildirib ki, şagird sayına görə maliyyələşmə təhsilin keyfiyyətini yüksəldəcək faktorlardan hesab olunmalıdır:

"Məktəblərin şagird sayına uyğun maliyyələşdirilməsi təhsil sistemində resursların daha şəffaf və səmərəli bölüşdürülməsi baxımından müsbət imkanlar yarada bilər. Bu modelin əsas üstünlüyü məktəbə ayrılan maliyyə vəsaitinin oradakı şagird kontingenti ilə daha sıx əlaqələdə olmasıdır. Burada paralel olaraq, məktəb rəhbərliyinin  də maliyyə resurslarından istifadəyə görə məsuliyyəti artır, büdcə planlaşdırılmasında daha obyektiv meyarlar tətbiq olunur. Burada maliyyələşmə formulunun necə olacağına, şagird başına düşən xərclərə xüsusi diqqət edək. Bəli, bu barədə bilgi rəsmi olaraq ictimaiyyətə təqdim olunub; orta məktəblərdə oxuyan hər şagird üçün illik 2000 AZN, təmayüllük gimnaziyalarda oxuyanlar üçün 2500 AZN nəzərdə tutulub. Amma hesablanma prinsipi ilə bağlı da düşünürəm ki, qısa zaman perspektivində məlumat alacağıq. Bakı şəhərində yerləşən, 1000 şagirdi olan məktəblə ucqar kənddə fəaliyyət göstərən, 40-50 şagirdi olan məktəbin xərcləri eyni prinsip əsasında hesablanacaq? Bu sual isə maraq doğurur”.


"Xüsusilə kənd məktəblərinin istilik, kommunal xidmət, binanın saxlanılması, müəllimlərin təminatı və digər sabit xərcləri var. Şagird sayı az olsa belə, bu xərclər proporsional şəkildə azalmır. Buna görə də maliyyələşmə modelində yalnız şagird sayı deyil, məktəbin yerləşdiyi ərazi, şagird kontingentinin həcmi, təhsil pilləsi, nəqliyyat və infrastruktur xərcləri, sosial və coğrafi xüsusiyyətlər də nəzərə alınmalıdır”.
 
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması mövzusunda dərc edilib.

Aynur Babazadə

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
15:53 04.11.2026
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO