Kəndə apardıqları qadını yolda zorlamaq istədilər - Azərbaycanda cinayətin təfərrüatları

SOSİAL
11:07 01.09.2020
6226
Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "teleqraf.com”a istinadən xəbər verir ki, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Samirə Məmmədova (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Onlar orada şam yeməyindən sonra Samirə Məmmədovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Samirəni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Samirənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib. Samirə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib.

Bu səbəbdən Samirə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

Bu ərəfədə Samirə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

Bu zaman Rasim və Əhməd Samirənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Əhməd Samirənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Samirəni döyüb, əynində olan şalvarı soyundurub.

Həmin vaxt Rasim Samirə ilə cinsi əlaqədə olmaq istəyən zaman sonuncunun daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.

İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədildikdə) maddəsilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Samirə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Samirə mübahisə edib, bu mübahisədən sonra Samirə polisə şikayət edib.

Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Samirə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Samirə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribov qeyd edib ki, Samirə ilə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Samirə Məmmədova isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən zərərçəkmiş həmin vaxtdan Faiqlə tanış olub.

O, qeyd edib ki, hadisə baş verən gün kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən zərərçəkmiş polisə şikayət etdiyi bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti təqsirləndirilən şəxslərin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

Bu qərardan narazı qalan Rasim Təhməzov kasasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Rasim Təhməzova aid olan cinayət işi baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet