Kenyada sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb

Kenyada sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb
DÜNYA
09:06 21.03.2026
193
Keniyanın paytaxtı Nayrobidə yerləşən Vilson hava limanında sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Keniya Hava Limanları İdarəsinin (KAA) yaydığı məlumata görə, Kisumu Beynəlxalq Hava Limanından gələn təyyarə eniş zamanı idarəetməni itirərək zolaqdan kənara çıxıb.

Hadisə zamanı göyərtədə olan 39 sərnişin və ekipaj üzvlərinin hamısı xəsarət almadan xilas olub.

Rəsmi açıqlamada bildirilib: "Bütün sərnişinlərin və heyət üzvlərinin təhlükəsiz olduğunu təsdiqləyirik. Heç bir xəsarət alan yoxdur. Təyyarə hazırda hadisə yerindədir və xilasetmə işləri davam etdirilir.”

Səlahiyyətli qurumlar Vilson hava limanında uçuşların normal rejimdə davam etdiyini və təhlükəsizlik standartlarının tam qorunduğunu vurğulayıb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib.
 
Polis və müvafiq qurumlar tərəfindən araşdırma aparılır, vəziyyətin nəzarət altında olduğu bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR