AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi açıqlama verib.
Qurumun məlumatında bildirilib ki, "Texniki tənzimləmə haqqında" Qanuna əsasən, ətriyyat və kosmetik məhsullar – o cümlədən saç düzləşdirici vasitələr – texniki reqlament tələblərinə tabedir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "Ətriyyat-kosmetika mallarının təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi müzakirə mərhələsindədir. Bu sənəddə fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərə dair tələblər, eləcə də formaldehidin istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar nəzərdə tutulub.
Agentlik qeyd edib ki, keratin məhsullarına dair tələblər beynəlxalq standartlara uyğun olaraq ГОСТ 32850-2014 və ГОСТ 31679-2012 sənədlərində əksini tapır. Həmin standartlar məhsulların texniki xüsusiyyətləri ilə yanaşı, toksiki və allergik təsirləri də əhatə edir.
Bildirilib ki, bu məhsulların uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması yalnız akreditasiya olunmuş qurumlar tərəfindən həyata keçirilir. Sertifikatı olmayan malların satışına isə qanunla qadağa qoyulub.
Agentlik əlavə edib ki, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Lakin insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan hallar barədə əsaslandırılmış müraciətlər daxil olduqda araşdırma aparılır.
Qurum vətəndaşlara çağırış edib ki, keyfiyyətsiz və ya təhlükəli məhsullarla bağlı şikayətləri rəsmi internet səhifəsi (https://competition.gov.az) və ya [email protected] ünvanına təqdim etsinlər.