
Dəvət əsasında Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.

Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulur. Məlumat üçün onu da qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Səfərin məqsədi və qarşıya qoyulan hədəflər barədə ATXƏM sədri İlham İsmayılov fikirlərini Newscenter.az-la bölüşüb. O qeyd edib ki, son illər Türk dünyasının inteqrasiyası istiqamətində istər dövlətlər, istərsə də onların vətəndaş cəmiyyətləri səviyyəsində çox mühüm addımlar atılıb, yüksək səviyyəli əməkdaşlıq qurulub:

"Türk dövlətlərinin birləşdiyi Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq bir platformaya çevrilib. Qurumda Avropadan müşahidəçi üzvlər də təmsil olunur ki, bu da TDT-nin qlobal aktora çevrilməsinə zəmin yaradır. Qeyd etdiyim kimi vətəndaş cəmiyyəti də bu prosesdə öz üzərində düşən vəzifələri layiqncə yerinə yetirir. Necə ki, Azərbaycan TDT çərçivəsində bir sıra layihə və ideyalarının reallaşmasında təşəbbüskar qismində çıxış edir, bu prosesin bir növ lokomotivi rolunu oynayır, eləcə də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi Türk dünyasının vətəndaş cəmiyyətinin bir platforma ətrafında birləşməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməsində eyni funksiyanı yerinə yetirir. Bu günlərdə QHT Agentliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi bunun əyani sübutudur”.

İlham İsmayılov deyib ki, TDT üzv ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf etsə də, lakin bu coğrafiyadan kənarda qalan, Türk dövləti olmamasına baxmayaraq həmin ölkələrdə yaşayan türk xalqları, məsələn, İraqdakı türkmanlər, Kərkükdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, eləcə də Rusiyadakı türk topluluqları bir qədər bu prosesdən kənarda qalıblar. ATXƏM sədrinin sözlərinə görə, bunlar coğrafi baxımdan türk dövlətləri içərisində olmasalar belə, ayrılmaz bir hissəmizdir, kök baxımından Azərbaycana daha yaxındırlar:

"Təbii ki, bu da müəyyən səbəblərlə əlaqədardır. Uzun illər İraqda mövcud olmuş Səddam rejiminin vətəndaş cəmiyyətinin inkişafına imkan yaratmaması, Səddamın devrilməsindən sonra ölkədə davam edən gərginlik və siyasi sabitsizlik Kərkükə də təsirsiz ötüşməyib və oradakı qardaşlarımız qeyd edilən istiqamətdə istədikləri, arzuladıqları fəaliyyəti ortaya qoya bilməyiblər. Ancaq son illərdə İraqda yaranmış sabitlik, bu ölkə hakimiyyətinin Türkiyə və Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırması Kərkükdəki qardaşlarımızım da ictimai-siyasi fəallığının artmasına müsbət təsir göstərir.Ona görə də düşünürəm ki, onların fəaliyyətinə təkan, dəstək vermək, kərküklü qardaşlarımızı da TDT çərçivəsində təşəbbüslər və layihələrə cəlb etmək üçün aktivliyimizi artırmalıyıq. Əslində səfərimizin əsas məqsədlərindən biri də budur ki, Kərkükdəki vətəndaş cəmiyyətlərini birgə fəaliyyət istiqamətlərinə cəlb edək və bir sıra istiqamətlər üzrə koordinasiyalı fəaliyyət yürüdək”.


İlham İsmayılov hesab edir ki, hətta bu məqsədlə Bakı-Ankara–Bağdad–Kərkük formatında daimi siyasi dialoq yaradılması da mümkün varinatlar sırasındadır:
"Məsələn, TDT çərçivəsində Türkmən Tematik Şurası, yaxud "Türkmən İşləri üzrə Koordinasiya Şurası”nın qurulması da ümumi işimiz baxımından faydalı olardı. Bütün bunlarla yanaşı iqtisadi və mədəni sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur. Kərkükü Türk Dünyası iqtisadi qovşağına çevirmək olar. Mədəni sahədə əlaqələrə gəlincə Türk dünyasında "Kərkük Günü” tədbirləri, musiqi, folklor, ədəbiyyat festivalları keçirmək həm Kərkükün Türk dünyasına daha dərindən inteqrasiyası, həm də dünyaya tanıdılması baxımından faydalı olar. Məsələn, TRT Avaz, Azərbaycan TV və türk dünyası mediasında Kərkük verilişləri yayımlana bilər. Hətta Kərkük Türk Dünyası Mədəniyyət Paytaxtı da elan edilə bilər”.











































