Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR

Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
SOSİAL
14:23 09.10.2026
123

Son illər mənzil alarkən bəzi vətəndaşlar yeni tikililər əvəzinə köhnə tikililərə üstünlük verir, daha sonra isə həmin mənzilləri təmir etdirirlər.

Köhnə mənzillərin qiymətinin nisbətən münasib olması alıcılar üçün əsas seçim səbəblərindən biri hesab olunur. Lakin təmir xərcləri də nəzərə alındıqda, bu seçimin nə dərəcədə sərfəli olduğu sual doğurur.

Maraqlıdır, köhnə mənzili təmir etmək daha sərfəlidir, yoxsa həmin vəsaiti yeni mənzil almağa yönəltmək?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yeni tikililərdə mənzillərin qiymətinin artması vətəndaşların köhnə mənzillərə üz tutmasının əsas səbəblərindəndir:

"İlk növbədə, insanların niyə köhnə tikililərdə mənzil almağa üstünlük verdiyinə nəzər salmaq lazımdır. Yeni tikililərdə mənzillərin qiymətləri həddindən artıq artıb və bir çox vətəndaşın büdcəsi belə mənzilləri almağa kifayət etmir. Buna görə də insanlar köhnə tikililərdə mənzil almağa üstünlük verirlər. Bu da öz növbəsində köhnə binalardakı mənzillərin qiymətlərinin artmasına səbəb olur. Məsələn, son açıqlanan göstəricilərə əsasən, köhnə tikililərdə mənzillərin qiymətində 10,6 faiz artım qeydə alınıb. Nə qədər ki, yeni tikililərdəki mənzillər bütün vətəndaşlar üçün əlçatan deyil, köhnə tikililərə tələbat və bu mənzillərin qiymətlərində artım davam edəcək.

Köhnə mənzillərin təmir xərcləri yeni mənzillərlə müqayisədə daha yüksək ola bilər. Buna görə də köhnə mənzil alan vətəndaşlar, adətən, mənzili yaşayış üçün yararlı vəziyyətə gətirəcək kosmetik təmir işləri aparmağa üstünlük verirlər. Əksər hallarda əsaslı və köklü təmirə ehtiyac yaranır ki, bu da əlavə xərc deməkdir. Bu baxımdan seçim konkret şəxsin maliyyə imkanlarından asılıdır. Əgər vətəndaşın büdcəsi məhduddursa, köhnə mənzil alıb təmir etdirmək onun üçün daha sərfəli ola bilər. Lakin maliyyə imkanları kifayət edirsə, yeni mənzil almaq daha məqsədəuyğundur".
 
 

V. Oruc hesab edir ki, köhnə mənzilə yatırımın sərfəli olması onun hansı məqsədlə alınmasından və yerləşdiyi ərazidən də asılıdır:

"Əgər vətəndaş köhnə mənzili investisiya məqsədilə alırsa və onu kirayəyə verməyi və ya biznes məqsədləri üçün istifadə etməyi planlaşdırırsa, bu investisiya özünü doğrulda bilər. Çünki köhnə mənzillərin alış qiyməti nisbətən aşağı olur və kirayə bazarında belə mənzillərə tələbat mövcuddur. Ancaq vətəndaş uzunmüddətli yaşayış üçün mənzil axtarırsa, köhnə tikililəri alarkən daha diqqətli olmalıdır. İstismar müddəti başa çatmış və ya qəzalı vəziyyətdə olan binalara böyük məbləğdə vəsait yatırmaq məqsədəuyğun deyil. Belə binaların gələcəkdə sökülməsi və yenilənməsi ehtimalı da nəzərə alınmalıdır.

Digər tərəfdən, şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən köhnə mənzillər investisiya baxımından cəlbedici ola bilər. Xüsusilə metroya yaxın ərazilərdə yerləşən mənzillər öz bazar dəyərini müəyyən qədər qoruyub saxlaya bilir. Həmin binaların gələcəkdə sökülməsi zamanı mənzillərin kompensasiya və ya satınalma şərtləri də investisiyanın nəticəsinə təsir göstərə bilər. Bununla yanaşı, mənzil almamışdan əvvəl onun real bazar dəyərini, texniki vəziyyətini və tələb olunan təmir xərclərini diqqətlə araşdırmaq lazımdır. Əgər mənzil bazar qiymətindən daha aşağı qiymətə alınırsa və yalnız kosmetik təmir tələb edirsə, təmirdən sonra onun dəyərinin artması mümkündür".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR