"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri

"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
SOSİAL
10:30 24.11.2026
44
Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sosial inteqrasiyasının gücləndirilməsi, erkən nikah, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla bağlı maarifləndirmə təşəbbüslərinin dəstəklənməsi məqsədilə xüsusi təqaüd təsis edilib.

AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Seyid Yəhya Bakuvi, Məhəmməd İravani və Həmzə Nigari adına təqaüd proqramları təsis edilib.

Komitə sədri qeyd edib ki, həmin proqramların qalibləri arasında qız tələbələrin də yer alması onların akademik nailiyyətlərinə və intellektual potensialına verilən diqqətin göstəricisidir.

R.Məmmədovun sözlərinə görə, təsis edilən xüsusi təqaüd proqramı tələbə qızların yalnız akademik hazırlığını deyil, həm də sosial problemlərə həssas yanaşan və ictimai təşəbbüslərdə iştirak edən mütəxəssislər kimi yetişməsini hədəfləyir.

O vurğulayıb ki, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi prosesində qadınların rolu ailədaxili vəzifələrlə məhdudlaşmır. Qadınlar eyni zamanda milli yaddaşın, mənəvi ənənələrin və sağlam ictimai düşüncənin formalaşmasında mühüm rol oynayırlar.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR