Avstriyalı gen mühəndisi H.Hemeisterin zəka genləri ilə bağlı kəşfi qadın zəkası haqqında daşlaşmış düşüncələri dağıtmağa qadirdir. Alim sübut edir ki, genetik prinsiplərə görə, ata qızına öz zəka genlərinin maksimum 50%-ni ötürə bildiyi halda, oğluna zəka geni verməsi qeyri-mümkündür. Bu, o deməkdir ki, oğlan uşaqları (gələcək kişilər) zəka genlərini yalnız analarından alırlar. Bəs bu necə baş verir?
Bəllidir ki, insan hüceyrəsi 23 cüt kişi və qadın xromosomundan meydana gəlir. İlk 22 xromosom cütü bir-birinə bənzər X və Y xromosomlarından təşkil olunub. Lakin 23-cü cüt, fərdin cinsiyyətini müəyyənləşdirən müxtəlifliyə malikdir: belə ki, əgər bu 23-cü xromosom cütündə iki X xromosomu varsa, fərd qadın cinsinə; yox əgər, bir X və bir Y xromosomu varsa, fərd kişi cinsinə mənsub olur. Məsələ burasındadır ki, zəka genlərini, məhz, X xromosomları daşıyır. Çünki anada yalnız X, atada isə həm X, həm də Y xromosomları var. Qadın (XX) ikiqat - həm anasının, həm də atasının zəka genlərinə sahib olduğu halda, kişi (XY) ancaq anasının zəka genlərinə sahibdir.
Araşdırmaları nəticəsində H.Hemeister kişilərə daha bir kədərli xəbər verir: kişilərin zəka səviyyəsi qadınlarınkından aşağıdır! Elə buna görədir ki, onlar qarşılarına çıxan hər hansı problemin həllində qadınlardan daha zəif davranır, daha tez özlərini itirir və daha dərin ruh düşkünlüyünə məruz qalırlar.
İndi qadın zəkası haqqında hansı həqiqəti qəbul etməli? Məlumdur ki, tarix iki dövrə bölünür: yazının kəşf edilməsindən əvvəlki (prehistorik) dövr və yazı ilə başlayan dövr. Qadınların aktiv fəaliyyəti, məhz prehistorik dövrə aiddir. Hətta o zaman qadın müqəddəs varlıq hesab edilirdi. Bəs necə oldu ki, qadınlar tutduqları mövqeni əldən verdilər? İş burasındadır ki, uzun illər boyu kiminsə beyninə zəif olduğu fikrini yeritsən, gec-tez o, bunu həqiqət kimi qəbul edib özünü belə proqramlaşdıracaq. Əl atıb bir iş görmək istəyəndə bu şüuraltı hər zaman onu dayandıracaq...
Qadının baş rolda olduğu dövr yazıdan əvvəlki tarixə təsadüf edir. Həmin dövr haqqında XVIII-XIX əsrlərdən etibarən danışılmağa başlandı. Ötən əsrin 80-ci illərində qadının tarixdə aparıcı rol oynamış olduğuna dair fikirlər bəziləri tərəfindən inkar edilsə də, antropoloji araşdırmalarla əldə edilmiş külli miqdarda nəticə, o cümlədən, arxeoloji tapıntılar həmin inkarçı fikirləri dərhal alt-üst edə bildi.
Gəlin, indi tarixə, müasir dövrün nüfuzlu qadınlarına diqqət yetirək. Tarix təkcə II Yelizaveta və II Yekaterina ilə məhdudlaşmır. Qadınlara qarşı bu qədər maneələrə, çətinliklərə, diskriminasiyalara, qadın qayğılarına baxmayaraq siyasi, iqtisadi, elmi sahələrdə fəxr ediləcək qadınlar var. Buna misal: Böyük Britaniyanın baş naziri, “dəmir ledi” Marqaret Tetçer, Almaniyanın kansleri Angela Merkel, Amerikanın dövlət katibi, keçmiş senator Hillari Klinton, Pakistanın baş naziri, sui-qəsd nəticəsində həyatını itirmiş Bənazir Bhutto, dünyanın ən nüfuzlu biznesmen qadınlarından biri, “Pepsi Ko” şirkətinin direktoru İndira Nyui, Media aləminin ən uğurlu qadınlarından biri (son 5 ildə 1,35 milyard dollar gəlir) Opra Uinfri, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, professor və keçmiş dövlət katibi Kandaliza Rays, Nobel mükafatçıları Elinor Ostrom (iqtisadiyyat), Ada Yonat (kimya), Dorris Lessinq (ədəbiyyat), Şirin Əbadi (sülh), Mariya Mayer (fizika) və əlbəttə ki, qadın filosoflar- Aspasiya, Karen Qloy, Hipparxiya, Meri Midqli, Onora O’Nil və s. Bu siyahını çox uzatmaq olar. Mən heç dünyanı fəth etmiş aktrisalardan, əsrarəngiz caz, blyuz, piano, skripka ifaçılarından, idmançılardan bəhs etmirəm. Əfsuslar ki, siyasi liderlər və Nobel mükafatçıları sırasında Azərbaycan qadınlarının adını çəkə bilməyəcəyəm. Çünki Şərq dünyasında qadının hüquqları o zamanlar da Qərbə nisbətən daha çox məhdudlaşdırılırdı, müasir dövrümüzdə də bu problem yaşanır.
Kişilər tarix boyu hakimiyyəti qadına verib nüfuzlarını itirməkdən çəkindikləri üçün hər zaman zərif məxluqu öz qoluzorluluqları ilə qorxudaraq kölgədə saxlayıblar. Qadının nailiyyətlərindən XIX əsrdən etibarən bəhs edilməyə başlanıb. Sonralar yavaş-yavaş kişiyə də, qadına da bərabər fürsətlər və imkanlar verildi. Yalnız bundan sonra imkanları dəyərləndirən və onlardan yararlanan qadınlar – bunu altını çizərək qeyd edirəm- QISA müddətdə böyük uğurlara imza atmağı bacardılar. Ancaq çox təəssüf ki, geridə qalan bu böyük zaman kəsiyi zaman-zaman qadınların iştiraksızlığından yaranan boşluqlarla da müşayiət olunur. Bir düşünün, hər iki cinsin bəşəriyyətə birgə xidməti hansı inkişaflara gətirib çıxarda bilərdi?!
Məyər qadınlar əvvəllər beyinsiz idilər, əsrlər sonra inkişaf edib düşünməyə, inkişaf etməyə, yaratmağa başladılar? Xeyr! Sadəcə qadına bərabərhüquqlu yanaşılmırdı, zəif, zərif məxluq damğası altında mətbəxə göndərilirdi, ona yalnız uşaq istehsal edilən aparat, ev qayğılarını çəkən qulluqçu kimi görülürdü. Lakin əgər təkamül nəticəsində qadının zəkası, intellekti inkişaf edərək müasir halına çatıbsa, kişilər min illərboyu yerlərində sayıblar...
Gülarə Əzimzadə, https://www.women-forum.net/az/hyat-trzi/oezuenuedrketm/360-kiilr-mn-borcludur