Kimlər güzəştli istirahətə gedə bilər? - AHİK-dən CAVAB

Kimlər güzəştli istirahətə gedə bilər? - AHİK-dən CAVAB
SOSİAL
23:56 30.07.2026
106
Yay mövsümündə istirahət və sağlamlıq mərkəzlərinə tələbat artır. Bu baxımdan həmkarlar ittifaqlarının nəzdində fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzlərindən kimin güzəştli, kimin isə tam ödənişlə istifadə edə bilməsi məsələsi də aktuallaşır.

Bəs həmkarlar ittifaqının üzvü olmayan şəxslər bu mərkəzlərdən yararlana bilərmi? Müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərdiyi halda üzvlük haqqı ödəməyən işçinin güzəştli yollayış almaq hüququ varmı?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qaydalara əsasən, yalnız həmkarlar ittifaqı üzvləri, sosial sığorta ödəyiciləri və pensiyaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Turizm İnformasiya Mərkəzi vasitəsilə elektron qaydada (e-ahik.az) sağlamlıq və istirahət mərkəzlərinə güzəştli şərtlərlə yollayış əldə edə bilərlər:

"Bu halda yollayışın ümumi dəyərinin 15 faizi vətəndaş tərəfindən ödənilir. Həmkarlar ittifaqının üzvü olmayan, sosial sığorta ödəyicisi və ya pensiyaçı statusunu daşımayan şəxslər isə həmin sağlamlıq və istirahət mərkəzlərinin xidmətlərindən yollayışın tam dəyərini ödəməklə yararlana bilərlər. Həmçinin həmin şəxslər (həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmayanlar) sağlamlıq və istirahət mərkəzlərinə birbaşa müraciət edə, yerində tam ödəniş əsasında xidmətlərdən istifadə edə bilərlər”.

Konfederasiyadan bildirilib ki, işçi çalışdığı müəssisə hazırda həmkarlar ittifaqının üzvü deyilsə, o zaman həmkarlar ittifaqı büdcəsi hesabına güzəştli yollayış almaq hüququ yoxdur:

"Bununla yanaşı, həmin şəxslər sağlamlıq və istirahət mərkəzlərinə birbaşa müraciət edərək, yerində tam ödəniş əsasında xidmətlərdən istifadə edə bilərlər. Beləliklə, həmkarlar ittifaqının üzvü olmayan şəxslərin sağlamlıq və istirahət mərkəzlərinin xidmətlərindən istifadə etməsinə məhdudiyyət yoxdur”.

Qeyd edilib ki, AHİK-in sağlamlıq və istirahət mərkəzlərinə yollayışların verilməsi yalnız Konfederasiyanın elektron xidmət platforması - e-ahik.az portalı vasitəsilə həyata keçirilir.
Müraciətlər sistem üzərindən qəbul olunur və mövcud prosedurlara uyğun olaraq, operativ şəkildə cavablandırılır.
OXŞAR XƏBƏRLƏR