Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər

Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
SOSİAL
17:34 06.07.2026
302
Paytaxtda kirayə mənzil bazarındakı qiymətlər daim gündəmdə olan mövzulardandır.

Bununla yanaşı, ali təhsil müəssisələrində tədris ilinin başa çatması və tələbələrin bir hissəsinin paytaxtı tərk etməsi fonunda bazarda qiymətlərin necə dəyişəcəyi də maraq doğuran məsələlərdən biridir.

Bəs mövcud vəziyyət bazara necə təsir edəcək?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarında qiymətlər dövri olaraq artır və bu artım eyni zamanda mövsümi xarakter daşıyır:

"Hər il iyun ayında tələbələrin böyük əksəriyyəti kirayə tutduqları mənzillərdən çıxaraq yay tətilinə başlayır və bu da təbii olaraq kirayə bazarında təkliflərin artmasına səbəb olur. Əvvəlki illərdə bu dövrdə kirayə bazarında qiymətlərin enməsini müşahidə edirdik. Lakin son bir neçə ildə həmin tendensiyada müəyyən dəyişiklik baş verib. Belə ki, bir çox hallarda tələbələr kirayədə qaldıqları mənzilləri təhvil vermir, yay dövründə də Bakı şəhərində qalaraq əlavə işlərdə çalışır və ya müxtəlif kurslara qatılırlar. Eyni zamanda, bir çox tələbə kirayə haqqını birlikdə ödədiklərinə və həmin evlərdə birgə yaşadıqlarına görə qarşılıqlı razılıq əsasında yay aylarında da mənzilləri saxlayırlar. Bunun əsas səbəbi isə odur ki, avqustun sonu, sentyabrın əvvəllərində boş kirayə mənzil tapmaq olduqca çətinləşir".


Onun sözlərinə görə, qiymətlərin artacağı da istisna edilmir:

"Hazırda tələbələrin kirayədə yaşadığı mənzillər sentyabr ayında 15-20 faiz daha yüksək qiymətə bazara çıxarılacaq. Bu baxımdan, hazırda kirayə bazarında təkliflərin əhəmiyyətli dərəcədə artdığını müşahidə etmirik. Eyni zamanda, qiymətlərdə hər hansı ucuzlaşma da qeydə alınmır. Bu səbəbdən hesab etmək olar ki, yay dövründə də kirayə seqmentində qiymətlər ciddi dəyişikliklə üzləşməyəcək və yüksək səviyyədə qalacaq".

Vüqar Oruc vurğulayıb ki, vətəndaşlar sərbəst vəsaitlərini bu istiqamətə yönəltdikləri üçün qiymətlərdə ucuzlaşma gözlənilmir:

"Kirayə mənzil biznesi artıq ölkədə populyar sahəyə çevrilib və investisiya cəlbediciliyi baxımından daşınmaz əmlak prioritet istiqamətlərdən biridir. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini bu sahəyə yatırdıqlarına görə, qiymətlərdə ucuzlaşmadan danışmaq mümkün deyil. İstər kirayə, istərsə də satış seqmentində daşınmaz əmlak bazarı son dövrlərdə investisiya baxımından ən cəlbedici mərhələsini yaşayır. Bu baxımdan, qiymətlərdə ucuzlaşma müşahidə etmirik".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR