KİV: Yaxın Şərq münaqişəsində yeni dalğa - İki dövlət müharibəyə qoşulur

KİV: Yaxın Şərq münaqişəsində yeni dalğa - İki dövlət müharibəyə qoşulur
DÜNYA
12:07 24.03.2026
261
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səud ABŞ-nin İrana hücumlarına qoşulmağı ciddi şəkildə düşünür.

AZXEBER.COM xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti uzun müddət İranı bombalamaq üçün öz obyektlərindən və ya hava məkanından istifadəyə icazə verməkdən imtina edib.

Lakin jurnalistlər qeyd ediblər ki, Səudiyyə Ərəbistanı bu yaxınlarda ABŞ qoşunlarına Ərəbistan yarımadasının qərbindəki Kral Fəhd aviabazasından istifadə etməyə icazə verib.

Daha əvvəl məlum olmuşdu ki, Səudiyyə Ərəbistanı husilərin Yaxın Şərq münaqişəsinə girməsinin qarşısını almağa çalışır. Səudiyyə rəsmiləri hərəkatı hərbi əməliyyatlardan çəkindirmək üçün diplomatik vasitələrdən istifadə edirlər. ABŞ və İsrail də husiləri müharibəyə cəlb edə biləcək təxribatlardan yayınmağa çalışırlar.

Bununla yanaşı, Yəmənin yüksəkrütbəli hərbi komandanı Abed ət-Tövr bildirib ki, ölkəsi Yaxın Şərqdəki müharibəyə İranın tərəfində müdaxilə etmək qərarına gələ bilər.

Onun sözlərinə görə, ölkə Bab-əl-Məndəb boğazının ABŞ və İsrail üçün bağlamasını istisna etmir.

Daha əvvəl ABŞ-nin hərbi əməliyyatları səbəbindən İranın Hörmüz boğazında neft yük gəmilərinin hərəkətini dayandırdığı barədə məlumatlar yayılıb. Hazırda sözügedən boğaz altı ölkədən - İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dən neft ixracı üçün yeganə dəniz yoludur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
 
Oxu.Az 
OXŞAR XƏBƏRLƏR