Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Malaya Berezanka kəndində qumbara partlaması nəticəsində 4 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisi teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, hərbi hissəni icazəsiz tərk edən kişinin qumbaranı fərdi yaşayış evinin ərazisində partlatdığı ehtimal edilir.
"Detonasiya nəticəsində 4 nəfər: onun özü, 2 qadın və 17 yaşlı qız həlak olub", - məlumatda qeyd olunub.
Hadisə yerində patrul polisinin əməkdaşları, istintaq-əməliyyat qrupu və partlayıcı üzrə mütəxəssislər çalışır.
Polis hadisə yerində baxış keçirir, partlayıcı qurğunun növü və baş verənlərin bütün halları müəyyənləşdirilir.











































