"AZAL təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli yalnız texniki və hüquqi prosedur kimi deyil, eyni zamanda dövlətlərarası münasibətlərin mahiyyətini və siyasi iradənin real təsir gücünü ortaya qoyan mühüm hadisə kimi qiymətləndirilməlidir”.
Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir:
"9 oktyabr 2025-ci il tarixində Düşənbə şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası prezidentləri arasında keçirilmiş görüşdə əldə olunan anlaşma, 25 dekabr 2024-cü ildə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması istiqamətində həlledici mərhələni təşkil edir. Həmin anlaşmaya əsasən, Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyini bir daha təsdiqləyir.
Bu proses göstərdi ki, ən mürəkkəb və həssas məsələlər belə qarşılıqlı hörmətə, konstruktiv dialoqa və siyasi iradəyə əsaslandıqda öz həllini tapa bilir. Azərbaycan və Rusiya arasında mövcud olan dialoq platforması çərçivəsində əldə olunan nəticə, regionda sabitliyin və qarşılıqlı etimadın qorunması baxımından da mühüm əhəmiyyət daşıyır”.
Parlamentari vurğulayıb ki, Azərbaycan faciənin ilk anlarından etibarən qətiyyətli mövqe sərgilədi:
"Azərbaycan dövləti faciənin ilk anlarından etibarən qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək məsələyə sistemli yanaşma sərgilədi. Bu yanaşmanın mərkəzində isə ədalətin təmin olunması, məsuliyyətin konkret şəkildə müəyyənləşdirilməsi və prosesin tam şəffaflıq prinsipi əsasında aparılması dayanırdı. Qəzanın səbəblərinin obyektiv və hərtərəfli araşdırılması, ictimaiyyətin dolğun məlumatlandırılması, həmçinin təqsirli tərəfin məsuliyyətinin birmənalı şəkildə təsbit edilməsi Azərbaycanın irəli sürdüyü əsas tələblər kimi formalaşdı. Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin birbaşa nəzarəti, güclü siyasi iradəsi və strateji baxışı əsasında idarə olunub. Dövlət başçısının prinsipial mövqeyi Azərbaycanın milli maraqlarının müdafiəsində heç bir güzəştə yol verilməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Nəticə etibarilə, Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq və ardıcıl diplomatik səylər göstərərək kompensasiya məsələsinin ədalətli və layiqli həllinə nail oldu”.
Deputar qeyd edib ki, kompensasiya mexanizmi mənəvi məsuliyyəti də özündə ehtiva edir:
"Qəza nəticəsində zərər çəkmiş şəxslərin taleyi isə bütün proses boyu diqqət mərkəzində saxlanıldı. Qəbul edilmiş kompensasiya mexanizmi yalnız hüquqi çərçivə ilə məhdudlaşmayaraq, insan amilini, sosial ədaləti və mənəvi məsuliyyəti də özündə ehtiva edir. Bu yanaşma dövlətin öz vətəndaşlarına olan məsuliyyətinin real ifadəsi kimi çıxış edir. Əldə olunmuş nəticə Azərbaycanın milli maraqlarını qətiyyətlə və güzəştsiz şəkildə qorumağa qadir olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, bu hadisə dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etmək əzmini və potensialını nümayiş etdirir. Beləliklə, AZAL təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli Azərbaycanın məsuliyyətli, prinsipial və konstruktiv siyasətinin bariz nümunəsidir. Bu yanaşma təkcə konkret bir hadisənin nəticələrinin aradan qaldırılması ilə məhdudlaşmır, həm də dövlətlərarası münasibətlərdə ədalət, hüquq və qarşılıqlı hörmət prinsiplərinin təmin olunmasının mümkünlüyünü praktik şəkildə sübut edir”.
Şahanə Ziyad










































