“Konservləşdirilimiş məhsulun içindən həşərat çıxması…” - Ekspert

“Konservləşdirilimiş məhsulun içindən həşərat çıxması…” - Ekspert
SOSİAL
22:25 16.09.2026
156
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.

Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.

Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.
İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan görüntü nəzarətə götürülüb:

"Qeyd olunan görüntü AQTA-nın Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb. Agentliyin müfəttişləri tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq tədbirlər həyata keçirilməkdədir”.

Qida eksperti Asim Vəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu fiziki çirklənmə halıdır:

"Konservləşdirilmiş məhsulun içindən həşərat çıxması iddiası təsdiqlənərsə, bu hal qida təhlükəsizliyi baxımından araşdırılmalı haldır. Bu fiziki çirklənmə halıdır. Hadisənin hansı mərhələdə baş verdiyini yalnız məhsulun, qablaşdırmanın, istehsal prosesinin araşdırılmasından sonra müəyyən etmək olar. İstehlakçı o məhsulu istifadə etməməlidir. Bankanı, məhsulun özünü, qapağı, etiketini saxlamalıdır. Mümkündürsə məhsulun foto və videosunu çəkmək, alış qəbzini də qorumaq yaxşı olardı. Çünki belə hallarda məhsulun partiya nömrəsi, istehsal və son istifadə tarixi kimi məlumatlar araşdırma üçün əhəmiyyətlidir”.

O qeyd edib ki, yalnız istehlakçının paylaşdığı məlumata əsaslanaraq məhsul haqqında təhlükəsizliklə bağlı qəti nəticə çıxarmaq düzgün olmazdı:

"Eyni zamanda, yalnız istehlakçının paylaşdığı məlumata əsaslanaraq konkret istehsalçı, ya məhsul haqqında təhlükəsizliklə bağlı qəti nəticə çıxarmaq düzgün olmazdı. Hadisənin həqiqətən istehsal mərhələsində baş verib-vermədiyi, məhsulun bütövlüyünün qorunub-qorunmadığı, saxlanma şəraiti araşdırılmalıdır. Qida təhlükəsizliyi məsələlərində fakt, iddia və laboratoriya, ya rəsmi yoxlama nəticəsini bir-birindən ayırmaq vacibdir.
Əgər məhsulda xarici cisim, ya da həşərat aşkar edildiyi iddia olunursa, istehlakçının məsələ ilə bağlı aidiyyəti quruma müraciət etməsi lazımdır. Hətta məhsulu araşdırmaya təqdim etməsi ən düzgün addım olardı. Ümumiyyətlə hər birimiz istehlakçı olaraq vətəndaş nəzarətini düzgün təşkil etsək, həm aidiyyəti qurumun işini asanlaşdırarıq, həm də bu kimi halların qarşısının alınmasında kömək etmiş olarıq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR