Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov Milli Şuranın namizədi Cəmil Həsənlərinin ittihamlarına cavab verib.
İctimai Televiziyada (İTV) təşkil olunan teledebatda çıxış edən S.Novruzov C.Həsənlinin səsləndirdiyi fikirlərin əsassız olduğunu deyib:
“Təbii ki, onun söylədiklərinin heç bir əsası yoxdur. Ümumiyyətlə, elmlə məşğul olan, elmi əsər yazan hər kəsə ziyalı demək olmaz. Cəmil Həsənli korrupsiyadan danışır… Amma korrupsiyadan ən çox faydalanan elə Cəmil Həsənli olub. Vaxtilə Fərhad Əliyevlə yaxınlığından istifadə edərək, onun sayəsində bir çox obyektlərə sahib olub. Gələn debatlarda o obyektlərin siyahısını da üzə çıxaracağıq… Cəmil Həsənli prezidentin övladlarından danışdı… Amma prezidentin övladlar bütün dünyada “Xocalıya Ədalət” kimi çox mühüm kampaniya aparırlar, müxtəlif humanitar aksiyalar təşkil edirlər… Prezidentin oğlunu nümunə göstərərək, Azərbaycanda təhsil alır… Amma Cəmil Həsənlinin yanında olduğu şəxslərin uşaqları müxtəlif xarici ölkələrdə oxuyurlar. Hətta Milli Şuranın bəzi üzvlərinin uşaqları “Avroviziya” müsabiqəsində erməniyə səs verirlər… İsa Qəmbərdən, o birilərindən soruşun ki, neçə illərdir, işləməyə-işləməyə o təmtəraqlı maşınları, evləri haradan alıblar? Təhsil sahəsində çalışanlar təsdiqləyərlər ki, Cəmil Həsənli dəfələrlə təhsillə bağlı keçirilmiş toplantılarda ölkədəki təhsil sisteminə görə president İlham Əliyevə təşəkkür edib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Amma hansısa korrupsionerə cəza veriləndə, həmin qüvvələr, bəzi hüquq müdafiəçiləri onun müdafiəsinə qalxırlar, çünki o korrupsiyadan onlar da bəhrələnirlər. Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı ciddi mübarizə aparır”.