"Allaha şükürlər olsun ki, ürəyimdə qalan heç bir arzum yoxdur. Bütün istiklərimi həyata keçirmişəm. Bundan sonra mənə lazım olan şey, sadəcə tamaşaçı sevgisidir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında bu gün doğum gününü qeyd edən Əməkdar artist Kübra Əliyeva deyib.
76 yaşınına qədəm qoyan aktrisa doğum günündə arzularını dilə gətirib:
"Allaha şükürlər olsun ki, ürəyimdə qalan heç bir arzum yoxdur. Bütün istiklərimi həyata keçirtmişəm. Övladlarımı böyütmüşəm, nəvələrimi yerbəyer etmişəm. Bundan sonra mənə lazım olan şey, sadəcə tamaşaçı sevgisidir. Bunun üçün Allaha minnətdaram. Bundan sonrakı ömrümü verilişlərdə xalqıma xidmət etməyə həsr edəcəyəm. Mən doğum günümü keçirtmirəm, sağ olsun oğlum, öz evində məclis təşkil edəcək, ailəmlə qeyd edəcəyəm".
Əməkdar artist sosial verilişlərin bir çox tamaşaçı tərəfindən tənqid edilməsinə də münasibət bildirib:
"Mən heç kimi və heç nəyi qınamıram. Qınayanlara da pis baxmıram. Məgər onlar xarici kanallarda bu tipli verilişləri izləmirlər? Türkiyənin bütün kanallarında bu səpkili verilişlər var. Müge Anlı, Esra Erol kimi tanınmış jurnalistlər də sosial verilişlərlə insanlara kömək edirlər. Hətta Rəcəb Tayyib Ərdoğan belə bu verilişlərlə bağlı fikirlərini bölüşərkən bildirib ki, "Mənə bir Müge Anlını izləmək bəs edir". Bu proqramlar nə üçün xalqın gözündə çirkin görsənir, mən anlaya bilmirəm.
Əvvəllər bu tipli hadisələr "Kommunist" qəzetində dərc edilirdi. İndi nə edək ki, qəzet yoxdur, zəmanə dəyişib. Bu tip hadisələr verilişlərdə müzakirə edilir. Orada baş verənlərdən gərək gənclər ibrət götürsün. Uşaq dünyaya gətirmək istəyəndə, evlənmək istəyəndə düşünsünlər. Biz o verilişdə gördük ki, evlənən cütlüyün övladının atası başqa biri çıxdı. Bunlar hamısı dərsdir, örnəkdir. Gənclər səhv qərarlar verməmək üçün belə hallardan ibrət götürməlidirlər. O verilişlər əslində maarrifləndirici verilişlərdir, bunu niyə pis qəbul edirlər, başa düşə bilmirəm.
Bəzən mənə də deyirər ki, bu qədər yaşın var, o verilişlərdə nə işin var? Mənim yaşımın nə dəxli var? İnsan ölənəcən hərəkətdə olmalıdır, işləməlidir, mən də onu edirəm".
Aysel Hacızadə








































