Sosial şəbəkələrdə əlilliyi olan yaşlı bir qadının naməlum şəxslər tərəfindən artıq bir həftədən çoxdur ki, Nərimanov rayonu ərazisində olan evlərdən birinin qarşısına qoyulduğu barədə məlumat yayılıb.
Baku TV-nin çəkiliş qrupu sözügedən məsələni yerində araşdırıb. Ərazidə yaşayan sakinlər deyir ki, qadın 10 gündür küçədə gecələyir. Əsgərzadə Məlahət Məmmədhəsən qızı şəkər xəstəsi olduğunu, ayağının birinin işləmədiyini və müalicəyə ehtiyacı olduğunu desə də, ona yaxınlaşıb, köməklik etmək istəyən şəxsləri, ətrafda yaşayan sakinləri təhqir etməyə başladı.
Gərgin keçən söhbət əsnasında öyrənə bildik ki, oğlu və gəlini qadınla yola getmədiyindən Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evindən bir neçə ay öncə çıxıb. İddia edir ki, Əlikram adlı oğlu onunla maraqlanmır, heç axtarmır da. Şahidi olduğumuz mənzərə, onun danışıq tərzi bizi, sözün əsl mənasında, dəhşətə gətirdi. Məlahət xanım ona uzanan yardım əllərini geri çevirir, sığınacağa yerləşmək istəmədiyini deyir. Ancaq bir tələbi var, mənzil. Qadın yaşamaq üçün ayrıca mənzil istəyir.
Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, qadını avtomobillə naməlum şəxslər gətirib, əraziyə düşürür. Çəkiliş vaxtı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları da əraziyə yaxınlaşdı. Sahə müvəkkili Elçin Axundov bildirdi ki, qadınla dəfələrlə profilaktik danışıqlar aparılıb, müvəqqəti yaşayış üçün sığınacaqlara yerləşdirilib. Amma qadın bir neçə gün sonra sığınacaqdakıları təhqir edib və oradan ayrılaraq yenidən küçələrdə qalmağa davam edib. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Agentliyin əməkdaşları qısa zamanda qadına kömək etmək üçün əraziyə yaxınlaşdı. Qadın onların da sığınacağa yerləşmək təklifindən israrla imtina etdi.
Ətraflı süjeti təqdim edirik: