Kürdəmirdə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 2014-cü ilin noyabr ayından indiyədək oğurluq əməlləri törətdiyi məlum olub. İndi həmin şəxsin cəzasını qanun verəcək.
AZXEBER.COM-unRegionTV-yə istinadən verdiyi xəbərə görə, silsilə oğurluqlar edən Kürdəmir rayon sakini Ramal Sədaqət oğlu Şirinov bir müddət gizlənməyi bacarsa da, nəhayət ki, polis tərəfindən saxlanılıb. Onun yaxalanmasına səbəb isə fevralın 4-də Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən Cəlal Mehdiyevə məxsus mağazadan oğurlanan müxtəlif markalı siqaret və çay paketləri olub. Kürdəmir polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Ramal Şirinov şübhəli şəxs qismində tutulub. Ramal yaxalandıqdan sonra məlum olub ki, bu, onun ilk cinayət əməli deyil. O, 2014-ci ilin noyabrından bəri Kürdəmirdə 4 mağazadan və 1 evdən müxtəlif adda məhsullar və qızıl-zinət əşyalarını oğurlayıb. Saxlanılan şəxs Atakişili kəndindəki mağazadan etdiyi oğurluq əməlini tanışı Elməddin Novuzovla birgə törətdiyini deyib. Ramal Şirinov daha sonra toyuq damlarını hədəfə alıb. O, hinlərdən ümumilikdə 10 baş hind quşunu oğurlayaraq satıb.
Saxlanılan şəxs oğurladığı əşyaları sataraq narkotik aldığını deyib. O, törətdiyi əməlini etiraf edib.
Ümumilikdə barəsində 9 oğurluq faktı aşkar edilən Ramalı indi dəmir barmaqlıqlar gözləyir.