"Rusiya və Ukrayna nümayəndə heyətləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlarda mühüm irəliləyişə nail olublar. Görüşlər ciddi və səmimi şəraitdə keçib".
Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün humanitar sahədə mühüm irəliləyişə nail ola bildik: Ukrayna və Rusiya müharibə dövrünün ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı prinsipial razılığa gəldilər. Bu, ailələrin birləşməsinə, etimadın möhkəmlənməsinə və sülh prosesinə təkan verməyə imkan yaradacaq.
Fevral ayından bəri keçirilən ilk üçtərəfli danışıqlar çərçivəsində Ukrayna və Rusiyanın mövqelərinin yaxınlaşması mühüm addım oldu. Müzakirələr ciddi, ətraflı və səmimi xarakter daşıyırdı. Hər iki ölkə fikir ayrılıqlarının aradan qaldırılması və müharibənin dayandırılması yollarının tapılması ilə bağlı konkret təkliflərini bölüşdü", - deyə Kuşner yazıb.
O bildirib ki, Rusiya və Ukrayna arasında fikir ayrılıqları hələ də qalır. Bununla belə, ABŞ əldə olunan irəliləyişi inkişaf etdirmək və davamlı sülhə gətirib çıxara biləcək genişmiqyaslı danışıqları davam etdirmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar keçirilib. Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirak etdiyi görüş iki gün davam edib və mətbuat üçün qapalı olub.
///oxu.az










































