Küveytdəki səfirliyimizdə 28 May – Respublika Günü qeyd edildi

Küveytdəki səfirliyimizdə 28 May – Respublika Günü qeyd edildi
Bütün Xəbərlər
17:50 24.05.2012
1236

28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi və bu ölkədə yaşayan və işləyən həmvətənlərimizi və Küveyt ictimaiyyəti nümayəndələrini özündə birləşdirən “Vətənsevər” cəmiyyəti ilə birlikdə silsilə tədbirlər keçirilmişdir.

Səfirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 23 may 2012-ci il tarixində Respublika Günü münasibətilə Əl-Küveyt şəhərinin “Regency” mehmanxanasında Səfirlik tərəfindən rəsmi ziyafət verilmişdir. Ziyafətə Küveyt Dövləti Nazirlər Kabinetinin üzvləri, Millət Məclisinin deputatları, ictimai təşkilatların rəhbərləri, ölkədə akkreditə olunmuş xarici diplomatlar, nüfuzlu iş adamları və ictimai xadimlər, həmvətənlərimiz dəvət olunmuş, tədbirdə ümumilikdə 350 nəfər iştirak etmişdir.

Ziyafətdə əsas qonaq qismində Küveyt Dövlətinin Ali təhsil Naziri Dr. Naif Fələh Əl-Həcraf, digər yüksək səviyyəli qonaqlar sırasında Əl-Küveyt (paytaxt) vilayətinin valisi Şeyx Əli Əl-Cabir Əl-Əhməd Əl-Sabah, İnformasiya Nazirinin I müavini, Vəqflər və İslam məsələləri nazirinin birinci müavini, Gənclər və İdman Komitəsi sədrinin müavini, Qadın Məsələləri Komitəsinin sədr müavini, hakim Əl-Sabah ailəsinin nüfuzlu üzvləri – Şeyx Salman Əl-Sabah, Şeyxə Fərihə Əl-Sabah (dövlət başçısının bacısı), Şeyx Talal Əl-Sabah (dövlət başçısının qardaşı oğlu) iştirak etmişlər.

“Regency” mehmanxanasının foyesində ölkəmiz haqqında foto-sərgi təşkil edilmiş, Azərbaycan suvenirləri, əl sənəti nümunələri nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm memarlığı, əsrarəngiz təbiəti haqqında film göstərilmişdir.

28 May – Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində şair Əhməd Əl-Səqqaf adına orta məktəbdə ölkəmizə həsr olunmuş “Azərbaycan Günü” keçirilmişdir. Məktəb şagirdləri Azərbaycan haqqında məlumatlarla paylaşmış, burada təşkil edilmiş sərgiyə tamaşa etmiş, tarix və mədəniyyətimizi əks etdirən sənədli filmə baxmışlar.

Bayram həftəsi çərçivəsində Azərbaycan səfirliyinin əməkdaşları və onların ailə üzvləri, həmçinin burada yaşayan həmvətənlərimiz Ukrayna, Rusiya, Özbəkistan və Serbiya səfirliklərinin də qatıldığı “Küveyt I beynəlxalq stend atıcılığı” yarışlarında müvəffəqiyyətlə iştirak etmiş, üç qızıl və üç gümüş medal qazanmışlar.

28 May-Respublika Günü münasibətilə Küveytin böyük oxucu kütləsinə malik, yüksək tirajlı “Əl-Ənbə” qəzetində səfir Tural Rzayevin geniş müsahibəsi dərc olunmuşdur.

Müsahibədə müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in yaranma tarixi, parlament, insan hüququ və demokratik dövlətə xas olan digər inkişaf göstəriciləri istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar və həyata keçirdiyi fəaliyyət əks olunmuş, həmçinin ADR-in süqutuna səbəb olmuş qızıl ordu və erməni silahlı qüvvələri faktoru və digər səbəblər açıqlanmışdır.

Eyni zamanda, ölkəmizin şanlı müstəqillik tarixi, müstəqilliyimizin bərpa olunması, möhkəmləndirilməsi, qorunub-saxlanmasında Ümummilli lider Heydər Əliyevin mühüm rolu və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilmişdir.

Səfir Ümummilli lider tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün Respublikamızda mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətlər barədə də danışmışdır.

Küveyt Dövlət Televiziyasının I və II, həmçinin “Əl-Ray” televiziya kanallarında 28 May – Respublika Günü ilə əlaqədar məlumatlar verilmiş, ölkəmiz haqqında süjetlər nümayiş etdirilmişdir.

OXŞAR XƏBƏRLƏR