Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan arasında son zamanlar Laçın dəhlizində baş verənlər fonunda gərginlik müşahidə olunur. Elə bu gərginlik ərəfəsində ABŞ Dövlət katibi Antony Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağdakı humanitar vəziyyətdən "dərin narahatlığını” bildirib. Ermənistan isə Azərbaycanı qəsdən humanitar böhran yaratmaqda ittiham edir. "Humanitar böhran” iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını və buna görə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin təminatını həyata keçirməyə hazır olduğunu bildirib. Rəsmi Bakı qarşı tərəfə humanitar təminat üçün Ağdam-Xankəndi yolunu da təklif edir. Erməni tərəfi isə bundan imtina edir.
Bu hadisələrin fonunda Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən, əli azərbaycanlıların qanına batmış Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi gərginliyin daha fərqli fazaya keçdiyini göstərir.
Bəs, bu gərginlik yaxın günlərdə Azərbaycan-Ermənistan arasında hərbi toqquşmanın yaranmasına gətirib çıxarda bilərmi?

AZXEBER.COM-a danışan hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Azərbaycan-Ermənistan sərhəddində bu gün humanitar yük adı altında aksiya keçirməsi, siyasi manipuliyasiya xarakterli təxribatdır:
"Bu təxribatların toqquşmaya dönməsi ehtimalı daim mövcuddur. Lakin Azərbaycan tərəfin qəbul etdiyi qərarlar həmişə olduğu kimi bu dəfə də qətiyyətlidir. Heç bir halda Laçın yolu Ermənistanın humanitar yükləri daşınması məqsədi ilə açılmayacaq. Azərbaycan tərəfi bunun üçün Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklif hələlik qüvvədədir. Ermənilər ya Ağdam-Xankəndi yolundan istifadə edəcəklər, ya da həmin maşın karvanlarını çıxdığı yerə qaytaracaqlar”.
Hərbi ekspertin fikirincə, hərbi toqquşma ehtimalı hər an ola bilər:
"Bu ehtimalı nə indi, nə də yaxın gələcək üçün istisna etmək doğru olmaz. Önəmli olan bu toqquşmalara Azərbaycan Ordusunun daim hazır olmasıdır. Güc strukturları bu təxribatların qarşısının alınması üçün fəaliyyət planına malik olmalı, döyüş hazırlığını yüksək səviyyədə saxlamalıdırlar”.
Politoloq Qabil Hüseynli isə, hərbi ekspert Ədalət Verdiyevdən fərqli olaraq hazırki gərginliyin insidentlə nəticələnməyəcəyini düşünür. AZXEBER.COM-a danışan ekspert təxribat ehtimalını isə istisna etmir:

"İndi ermənilər bəzi ölkələrin, beynəlxalq təşkilatların gücündən istifadə edərək təzyiq göstərirlər ki, humanitar yük karvanı dedikləri yüklər Xankəndinə buraxılsın. Azərbaycan haqlı olaraq bunun qeyri-qanuni olduğunu, yükləri buraxmayacağını bildirir. Ermənilər humanitar böhran məsələsindən siyasi arzularını həyata keçirmək üçün müxtəlif şoular düzəldirlər. Bu yüklər buraxılmadıqda, Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxladığını iddia edirlər. Təəssüf ki, bəziləri bu yalanlara inanır”.
Politoloqun fikrincə, aparıcı güclər ermənilərin bu yolla, heç bir məlumat vermədən başqa dövlətin suveren ərazilərinə daxil olmaq istədiklərinin fərqindədirlər:
"Azərbaycan humanitar yardım üçün alternativ yolu, Ağdam-Xankəndi yolundan istifadə təklifini irəli sürüb. Ermənilər daxillərindəki gərginliyi azaltmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün
təklif olunan yolla razılaşmırlar. Bu vəziyyət münasibətləri gərginləşdirir. Ancaq bunun qarşıdurmaya, silahlı toqquşmaya gətirib çıxaracağını zənn etmirəm”.
Şəbnəm Zahir