Lavrov: Rusiya və Türkiyə Yaxın Şərqdəki münaqişələrin həlli üçün əməkdaşlıq edəcək

Lavrov: Rusiya və Türkiyə Yaxın Şərqdəki münaqişələrin həlli üçün əməkdaşlıq edəcək
SİYASƏT
16:26 27.05.2025
373
Rusiya və Türkiyə keçid dövrü hökumətinin işini təmin etmək üçün Suriyada birgə qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

"Bizim yanaşmalarımız Suriya ilə bağlı sıx dialoqa əsaslanır. Suriya hakimiyyətinə keçid dövründə dəstək göstərmək vacibdir", - Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva Qərb ölkələrinin Suriyaya qarşı sanksiyaları ləğv etməsini alqışlayır.

XİN başçısı, həmçinin bu ay gərginliyin yarandığı Liviya mövzusuna da toxunub.

"Rusiya digər istiqamətlərdə, o cümlədən Liviya ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Biz yeni hərbi əməliyyatlara gətirib çıxaracaq gərginliyin artmasına yol verməmək üçün Liviya münaqişəsi tərəflərinə təsir imkanlarından istifadə etmək barədə razılaşdıq", - Lavrov vurğulayıb.

Rusiya XİN başçısı qeyd edib ki, tərəflər həmçinin Qəzzadakı vəziyyəti müzakirə ediblər: "Biz atəşkəs razılaşmalarına qayıtmaq yollarını tapmaq üçün bütün təsir imkanlarımızdan istifadə edəcəyik".

O, həmçinin deyib ki, Moskva Yaxın Şərqdə fəaliyyətin əlaqələndirilməsi üçün Türkiyənin sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Ankara ilə sıx əməkdaşlıq edəcək.
 
///report
OXŞAR XƏBƏRLƏR