Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?

Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
SOSİAL
21:15 18.06.2026
134
Həyatını itirən motosiklet sürücüsü olan gənc qızın açıq tipli şəkilləri müxtəlif platformalardan götürülərək paylaşılır, həmin paylaşımlar altında isə müxtəlif rəy və şərhlər yazılır. Bu cür hallarda cəmiyyətin bir hissəsi məsələyə etik yanaşmaq əvəzinə, mərhuma rəhmət oxumaq yerinə onun geyimini və ya davranışını müzakirə etməyə başlayır. "17 yaşlı qız niyə belə geyinib?”, "atası vəkil imiş, hara baxır?” kimi fikirlər səsləndirilir və bu da vəziyyəti daha da gərginləşdirir. Ölən şəxsin bu formada qeyri-etik şəkildə təqdim edilməsi, onun haqqında qınaq və ya təhqir xarakterli müzakirələrin aparılması hüquqi məsuliyyət yaradırmı?

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, həmin şəkillərin haradan götürülməsi əsas sual doğuran məqamdır. 

"Əgər söhbət açıq və hər kəsə görünən məlumatdan gedirsə, yəni vəfat edən şəxsin həmin görüntüləri özü sağlığında sosial şəbəkə profilində paylaşıbsa və bu paylaşımlar məxfi rejimdə olmayıbsa, burada artıq məlumatın "oğurlanması” və ya qeyri-qanuni şəkildə əldə olunması kimi bir haldan danışmaq çətinləşir. Bu cür situasiyalarda hüquqi baxımdan pozuntu kimi qiymətləndirmə hər zaman avtomatik şəkildə tətbiq edilmir və məsuliyyət məsələsi konkret şəraitdən asılı olaraq dəyişir”.

Vəkil bildirib ki, bununla belə, məsələni yalnız hüquqi çərçivə ilə məhdudlaşdırmaq doğru deyil. 

"Çünki informasiya açıq olsa belə, onun necə və hansı məqsədlə istifadə olunması ayrıca qiymətləndirilməlidir. Məsələyə mənəvi tərəfdən yanaşdıqda isə belə görüntülərin yenidən paylaşılması, müzakirə mövzusuna çevrilməsi, üstəlik onlara eyham vuran şərhlərin yazılması və şəxsi həyatın ictimai şəkildə tənqid və ya qınaq obyektinə çevrilməsi etik baxımdan qəbulolunan davranış sayılmır. Bu, ümumi ictimai əxlaq və insanlara hörmət prinsipləri ilə ziddiyyət təşkil edir və çox vaxt sosial məsuliyyət baxımından mənfi qarşılanır”.
OXŞAR XƏBƏRLƏR