Bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim Etibar Məmmədovun əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı onun oğlu Aslan Məmmədzadə məlumat yaymışdı.
AZXEBER.COM Baku TV-yə istinadla bildirir ki, adıçəkilən xəstəxanada İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyevdən şikayətçi idi.
Qeyd edək ki, Aslan Məmmədzadə artıq bu məsələ ilə bağlı sosial şəbəkədə yeni paylaşım edərək qanunsuzluğun aradan qaldırıldığını, Elbəy Fətəliyevin isə vəzifəsindən azad edildiyini və atasının, yəni Etibar Məmmədovun işə bərpa olunduğunu bildirib.
Aslan Məmmədzadə eyni zamanda vurğulayıb ki, TƏBİB rəhbərliyi bu məsələyə çox həssas yanaşıb. TƏBİB-in icraçı direktoru Anar Bayramovun müavini Rahim Hüseynov dərhal Aslan Məmmədzadə ilə əlaqə saxlayıb və növbəti gün üçün görüş təyin olunub. Görüş zamanı bu məsələ təxminən bir saat yarım ərzində ətraflı şəkildə müzakirə edilib.
Aslan Məmmədzadənin paylaşımında qeyd olunub ki, görüşdən dərhal sonra daxili araşdırma başlayıb. Araşdırmanın nəticəsində də onun atası Etibar Məmmədova qarşı törədilən qanunsuzluq və eyni zamanda ədalətsizlik öz təsdiqini tapıb. Həmçinin Elbəy Fətəliyevin digər qanunsuz əməlləri də araşdırma zamanı üzə çıxıb və bu səbəbdən o, vəzifəsindən azad edilib.











































