Lənkəranda tarixi abidə söküldü: yerində restoran tikiləcək - Fotolar

SOSİAL
12:31 21.06.2016
1948
Lənkəran şəhərində dövlət tərəfindən muhafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi “Nizami” kinoteatrı “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib.
“GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Fəxrəddin Gözəlovun verdiyi məlumata görə, Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Lənkəran şəhərindəki Nizami adına kinoteatrın binası heç bir hüquq müəyyənedici sənəd olmadan "Neon-111" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülüb məhv edilərək, yerində “Neon” Şadlıq Sarayı üçün tikinti işləri aparılır. O cümlədən, kinoteatrın qarşısında olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli də sökülüb.
Baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən ünvanlanan 01 aprel 2016-cı il tarixli, 10-50/1-470 saylı cavab məktubunda bildirilib ki, “Nizami” kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış və “Neon-111” MMC tərəfindən satın alınıb. “Neon-111” MMC tərəfindən sözü gedən tikili sökülüb və yerində, qeyri-yaşayış obyekti üçün tikinti işləri aparılıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti"nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb".
Lakin apardığımız monitorinq nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhərində "Neon-111" MMC tərəfindən “Şadlıq Sarayı” üçün aparılan tikinti işləri dayandırılmamış, hazırda da davam etdirilir.
Qanuna görə, abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər.
Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı bir hərəkət etmək qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 4.)
Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulmaq və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 10.)
Abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan şəxlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 28.)
Belə həssas bir dövrdə, Azərbaycan mədəniyyətini başqa millətlər tərəfindən mənimsənilməsi üçün cəhdlər edilərkən, Lənkaran şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi-memarlıq abidəsi olan “Nizami” adına kinoteatrı aidiyyatı orqanların qanuna zidd olan “razılıqları ilə” “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib.
Azadinform.az
OXŞAR XƏBƏRLƏR