Leyla Əliyeva: ‘İnanıram ki, dünyanın bir çox ölkəsi Xocalı soyqırımını tanıyacaq’ - FOTOLAR

Leyla Əliyeva: ‘İnanıram ki, dünyanın bir çox ölkəsi Xocalı soyqırımını tanıyacaq’ -  FOTOLAR
03:03 01.03.2013
1107

““Xocalıya ədalət” kampaniyası çərçivəsində artıq 700 mindən çox imza toplanıb”

Moskvanın “Yunost” mehmanxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib. “Yunost” mehmanxanasının foyesində Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş uşaqların rəsmləri sərgilənib. Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya dəvət olunmuş balaca rəssamların əl işlərində müharibəyə, zülmə və ədalətsizliyə etiraz əksini tapıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edərək bildirib ki, artıq 21 ildir ki, biz Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən birinin qurbanlarının xatirəsini yad etmək üçün toplaşırıq. İyirmi bir il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetiribər. Bu 613 günahsız, vəhşicəsinə qətlə yetirilmiş insan heç zaman unudulmayacaq və qəlblərimizdə daim yaşayacaqdır. 1992-ci ilin həmin fevral gecəsi baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir. “Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın. Məhz buna görə də biz 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürdük. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb”, - Leyla Əliyeva deyib. O, vurğulayıb ki, Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanımışlar. Bundan əlavə, ABŞ-ın 7 ştatı bu soyqırımını tanıyıb. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik, hələ çox işlər görəcəyik və mən inanıram ki, tezliklə dünyanın bir çox ölkəsi bu soyqırımını tanıyacaq, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bütün qaçqınlar və məcburi köçkünlər doğma torpaqlarına, evlərinə qayıdacaqlar”. Bu tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərən Rusiyanın paytaxtında keçirildiyini vurğulayan Leyla Əliyeva deyib: “İstərdim ki, dünyanın bütün ölkələrinin vətəndaşları kimi, Rusiya vətəndaşları da bu dəhşətli faciə haqqında həqiqəti bilsinlər. Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq”. Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR