Leyla Əliyeva Yəhudi İcması prezidentini məlumatlandırdı- FOTOLAR

SİYASƏT
00:12 14.05.2014
1389

Bu gün Rusiya Yəhudi İcması Federasiyasının prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində olub.

AZXEBER.COM xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa binası dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat veriblər.

Bildirilmişdir ki, Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunmuşdur ki, Mərkəzin binası dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəzin binası artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Muzeydə 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonağın marağına səbəb olub.

Qonaq Mərkəzdə fəaliyyət göstərən "Azərbaycan inciləri", "Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti", "Silahların əfsanəsi" sərgilərinə, eləcə də dünya şöhrətli heykəltəraş Toni Kreqqin fərdi sərgisinə maraqla baxıb. A.Boroda Mərkəzin Auditorium bölməsindəki konfrans zalı ilə də tanış olub.

Mərkəzlə tanışlıq qonaqda zəngin təəssürat doğurub.

OXŞAR XƏBƏRLƏR