Leyla Məmmədli: Qadınlar sülh və cəmiyyətlər arasında körpü quruculuğunun vacib iştirakçılarıdır

Leyla Məmmədli: Qadınlar sülh və cəmiyyətlər arasında körpü quruculuğunun vacib iştirakçılarıdır
SİYASƏT
15:10 09.03.2026
350
ABŞ paytaxtı Vaşinqtonda yerləşən Mədəni Diplomatiya və İnkişaf Fondu (CDDF) ABŞ–Azərbaycan Ticarət Palatası ilə birgə "Mədəni körpülərin qurulması: Qadınlar və diplomatiyada incəsənət” adlı beynəlxalq tədbir təşkil edib.

AZXEBER.COM xəbər verir ki, tədbir 75-dən çox beynəlxalq ekspert, diplomat, akademik, siyasət üzrə mütəxəssis və vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirərək mədəniyyət, sülh və qadınların diplomatiyadakı rolu mövzularında müzakirələr üçün platforma yaradıb.

Tədbirin açılışında çıxış edən CDDF-in təsisçisi və icraçı direktoru Leyla Məmmədli bu cür platformaların əhəmiyyətini vurğulayıb. O bildirib ki, mürəkkəb və həssas beynəlxalq şəraitdə, xüsusilə müxtəlif regionlarda gərginliklərin artdığı bir dövrdə mədəni diplomatiya dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün güclü vasitədir. Leyla Məmmədli qeyd edib ki, qadınlar diplomatiyanın, sülh quruculuğunun və cəmiyyətlər arasında körpülərin qurulmasının vacib iştirakçılarıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin müşaviri Vüsalə Mehdiyeva, sülh səfiri və qadın liderliyi üzrə fəal Zabunessa Zeba Zubair, həmçinin "Smithsonian” İnstitutunun Asiya Mədəni Tarixi Proqramının direktoru Pol Maykl diplomatiya, mədəniyyət və qadın liderliyinin kəsişməsində dayanan mövzulara dair fikirlərini bölüşüblər.

Çıxışlarda mədəniyyətin, incəsənətin və təhsilin xalqlar arasında etimadın qurulmasında, qadınların diplomatiya və sülh quruculuğu prosesində fəal iştirakında mühüm rol oynadığı vurğulanıb.

Tədbirin proqramına, həmçinin rəssam Nübar Əzimovanın foto və incəsənət sərgisinin premyerası daxil olub. Sərgidə təqdim olunan əsərlər kimlik, davamlılıq, qadın gücü və mədəni yaddaş mövzularını əks etdirərək incəsənətin xalqları birləşdirən universal dil olduğunu nümayiş etdirib.

Tədbir pianoda musiqi ifası ilə və qəbul mərasimi zamanı iştirakçılar arasında yeni əlaqələrin qurulması və fikir mübadiləsi ilə davam edib.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR