Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə olaraq məşhur Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl layihəsi hazırlanır.
Bu gün Heydər Əliyev Sarayında premyerası nəzərdə tutulan layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi ilə “İrəli” İctimai Birliyidir. Layihənin koordinatoru Niyaz Əliyevin AZXEBER.COM-a verdiyi məlumata görə, artıq muzikllə bağlı bütün işlər yekunlaşıb: Nəhayət ki, gərgin iş rejiminin sonuna gəldik. 2 aydır ki, muzikl üzərində çalışırıq. Komanda bu günkü günə tam hazırdır. Bu gün Heydər Əliyev Sarayında əsl muziklın nə olduğunu hamı görəcək"
Qeyd edək ki, “Əfsanə geri dönür” şüarı altında reallaşan müziklin məqsədi qədim Azərbaycan motivləri əsasında yazılan “Leyli və Məcnun” poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir. Musiqili tamaşa Nizami Gəncəvinin eyniadlı poemasına uyğun olaraq “Leyli və Məcnun” adlanır. Tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Laurens quruluş verib. Səhnə əsərində rəqsləri Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcək. Bununla yanaşı, müasir janrda təqdim ediləcək musiqilərdə Azərbaycanın milli musiqi alətləri olan tar, kamança, balaban, tütək, nağara və uddan istifadə edilir. İki aydan çoxdur ki, hazırlıqları davam edən tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəbi isə Oksana Rəsulova canlandırır. Tamaşaya rejissor tərəfindən “Şeytan” və “Günəş adamı” obrazları da əlavə edilib. “Günəş adamı” obrazını isə əməkdar artist Natiq Şirinov canlandıracaq.